Xatirələrin rəsimlərdə hərəkəti

Rusiyada yaşayan tanınmış azərbaycanlı rəssam Mirzə Məmmədov

1385539
Xatirələrin rəsimlərdə hərəkəti

 

Yox, şəkildəki Corc Kluni deyil, Maykl Duqlas da, Tom Kruz da. Ümumiyyətlə, o heç aktyor deyil, rejissor da. O, rəssamdır. Sar-saqqalsız, şərfsiz və üstü-başı səliqəli qeyri-adi rəssam. Rəsimləri də özü kimidir.

  

  Onun rəsimləri həzin-həzin ləpələrlə danışır insanla. Susur, yenə danışır, yenə susur. Şəkilləri rəssamının demək istədikləri qədər deyir sənə: təlatümünü içində gizlədir, baxışların toxununca sürətini azaldır, təəssüratın davamını sənə buraxır.

  Niyə bu rəsimlər yaranıb? Niyə bu qədər parlaq rənglər? Ya da niyə bu qədər ağlı-qaralı, kölgəli? Ağın üzərinə yayılmış qara deyil, sanki qaranlıqları ağa çıxaran hekayələrdir rəsimləri. Qırmızılar, sarılar, mavilər hər kəsin görmək istədiyini, ağlar-qaralar isə rəssamın iç dünyasının laylasını pıçıldayır, danışır, danışdırır...

  Rusiya Rəssamlar İttifaqının üzvü, bir çox mükafat və medalların sahibi azərbaycanlı rəssam Mirzə Məmmədov bəzi şəkillərini özü belə açıqlayır.

  “Həmişə düşünürsən. Yer üzündə insanın missiyası nədir? Biz vəzifəmizi yerinə yetirə bilirikmi? Çox çətindir bu yol. Amma insanı sevindirə bilir. Əgər adam kədərlənirsə, bu qəm belə işıqlı və sakitdir. Qəhrəmanlar əsasən belədir. Dünyanın kirlərindən hifz olunublar.” (“Hər zaman”, ağ-qara rəsim)

  “Şabalıdı rəngdə nəhəng ağac və daş evlər. Sabah dönmək üçün indi gedən qırmızı günəş. Şam qaralanda həyət nağıllı aləmə çevrilir. Ocağın üzərində qaynar qazan, evdə isə gün boyu oynamaqdan yorulmuş şən uşaqlar. Onların da hər birinin qəlbində bir ocaq yanır. Gələcəyini işıqlandıran, isidən ocaq.” (“Ocaq” rəsmi)

  Bu isə rəssamın öz babasının rəsmində qəhrəman babaların obrazıdır. Amma indi baba xatirələrin qəhrəmanıdır. Sobanın üzərinə qoyduğu heyvaların otağa yayılan gözəl ətrinin abu-havasında gənclik cəsarətindən danışır, ya da xəyallara dalır, öz aləminə qapılır, uyurur...

  Bilmirəm, rəssam öz şəkillərini hansı kateqoriyalara bölüb. Mən sadəcə seyrçi kimi Mirzə Məmmədovun ağ-qara rəsimlərini “Uşaqlıq illəri – Boradigah xatirələri”, “Fəlsəfənin içində həyat” deyə bir-birilə bağlı iki yerə bölür, uşaqlıq xatirələrilə həyat fəlsəfəsinin muncuqlarını bir sapa düzürəm.  

  Rəssamın ağ-qara xətli rəsimləri daha çox uşaqlıq və gənclik dövrünün hərəkətlilik təsəvvürünü oyadır. Bunlar xatirələrin, həsrətin, xəyalın, gələcəyə inamın hərəkətləridir, məncə.

  “Boradigah”, “Ocaq”, “Üç uşaqlı fədakar ana”, “Amma mən oynayıram”, “Hər zaman”, “Qayalar”, “Yorğun uşaqlar”, “Qayıdış”, “Salam, Günəş”, “Arzular”, “Sən bilirsənmi”, “Ocaq”, “Baba və nəvə”, “Ağ neft lampası”, “Gecənin quşları” rəsimlərində Mirzə gerçək anlar və xəyal məhsullarını harmonlaşdırıb.   

  Ocaq şəkilləri silsiləsi sanki eyni qəhrəman və əşyalarla bir-birindən maraqlı nağıllar danışır adama, bir dəfə nənənin, bir dəfə babanın, bir dəfə elə balanın öz dilindən.

  “40-cı qapı”, “Əvvəllər mən də ona doğru istəyirdim”, “Siz hara, cənab rəssam”, “Son nəğmə”, “Biz dənizdə oturmuşuq”, “Orada”, “Vrubel”, “Sevinc axtarışında”, “Qəlbimi səhra ilə aparıram”, “Dialoq”, “İsti gətirirəm”, “Çirkli qar”, “Günahkar planet”, “Orada”, “Orada kim var”, “Qəlbimi səhra ilə aparıram”, “Səs”, “Sevinc axtarışında” rəsimlərin fəlsəfəsi isə rəssamın öz qoyduğu adlardan bəlli olur.  

  Mirzə Məmmədovun rəngli rəsimlərində həzin uşaqlıq xatirələri və Azərbaycanın hər qarışının istiliyi yatır, amma artıq ağ-qaradan çıxaraq rənglərə bürünmüş şəkildə. Bunlarda Uraldan Boradigaha zillənən gözlər və fırçadan süzülən rənglər var: günəşin sarısı, yanaqların alı, narın qırmızısı, göylərin göyü, dənizlərin mavisi…

  Meyvələrdən daha çox nar, sarı ilə yaşıl limon, sonra heyva, alma, armud, meyvə-tərəvəzdən isə yaşıl və qırmızımtıl bibər görürük rəssamın natürmortlarında. Qırmızılı-çəhrayılı narlar masa üzərində parçalanmış, dənələri gilələnmiş, dağılmışdır. Sarı və yaşıl limonlar mis piyalə, satıl qab və masada, almalar həm budaqda, həm stolda, heyvalar ocaq üstündə, ya da rus peçi yanındadır. Bu limonların ətrini hiss edirsən rəsimlərdən. Balın yanındakı isti təndir çörəyi isə Vətənin qoxusunu gətirir burnuna.

  Yumurta da maraqlı bir yer tutur Mirzənin rəsimlərində. Bəlkə də hər gün tavaya yumurta salıb bişirirsən, bu, gündəlik adi işlərdən biridir səninçün, amma rəssam üçün deyilmiş. Sənə adi görünənləri rəssam qeyri-adi kimi kağıza köçürür: qara tava, zavod çörəyi və gözlü (qlazok) yumurta. Tək qulplu satılda isə bütöv yumurtalardır.

  Bişirilmiş iki gözlü yumurta rəssamın natürmortlarında eynilə neft lampası, mis qəhvədan, nar və limon kimi bir neçə dəfə təsvir olunub. “Bunu gördüm” deyirsən. Digər oxşarlarını görüncə müqayisə gəlir: tavada bişirilmiş bu iki gözlü yumurtanın yanında çörək var, bunda ancaq duz, bunda rus sobası peçi və şərab, bunda yanar ocaq üstündəki yumurta tavasının başı üzərinə 4 alma asılmış budaq əyilib, amma bu rəsimdə yumurtaların ədədi 2-dən birbaşa 8-ə çıxıb, bəlkə də bütün ailə üzvləri üçün hazırlanmış qayğanaqdır.

Rus sobası dedik. Həmin bu rus sobasını digər rəsimlərdə də görə bilirik. Birində kartof və şərab yanaşı durub sobaya baxırlar sanki. Digər şəkildə rəssam bunlardan qabaq “unutduğu” sarımlaqları səpələyib masanın üstünə.           

  Mirzə Məmmədovun istər ağ-qara, istərsə də rəngli əsərləri Azərbaycan məişəti və mətbəxində işlədilən əşyaların rəsim muzeyidir sanki. Təndir, satıl, səhəng, mis fincan (“Arzular”, ağ-qara), təndirdə çörək yapılması (“Boradigah xatirəsi”, ağ-qara), təkərli araba, odun (“Hər zaman”, ağ-qara), gecə fənəri, ocaq , beşik (“Qayalar”, ağ-qara, “Sevinc axtarışında”), araba və taya ot (“Qayıdış”, ağ-qara), saçaqlı şal (“Qonaqlar”, ağ-qara), ağaç budaqlarından nərdivan (“Salam, Günəş”, ağ-qara), rus sobası, lüləli qrafin (“Xatirələr”, ağ-qara), öküzlərə bağlanmış kotan (“Yolda”), köhnə taxta qapı (“40-cı qapı”, ağ-qara), saxsı kuzə (“İsti gətirirəm”), həsir, mis qazan, qaval (“Son nəğmə”), neft lampası, qəhvədan, piyalə, armudu-stəkan və nəlbəkisi, fars qəhvədanı, rus taxta qaşığı və sair və ilaxır. 

  

  Rəsimlərdə bəzən bu qabların yerləri və azacıq da şəkilləri dəyişir, amma onlardır, vardılar. Məsələn, bir neçə ağ neft lapması. “Sanki bu lampanı rəssamın başqa rəsmində gördüm” deyə anlıq düşünürsən, əvvəlki şəklə dönüb baxırsan, “Yox, bu, o deyil” deyirsən. Bir şəkildə qulplu neft lampasıdır, yanında mis qəhvədan və iki yaşıl bibər var. Digərindəki zürafə boğazlı lampadır, ətəyində bir yaşıl, iki sarı limon var, şüşəsi də başından götürülüb. Amma bu birində eyni lampanın yanında geniş planda üç yaşıl, üç sarı limon var, kölgələri ilə birlikdə. Bir də çox kiçik qulplu, qaraçı ətəyini xatırladan ətəyi, tuğu xatırladan lampa şəkli var. 

   

  Rəssamın natürmortlarında çiçək azdır. Varsa da yanında skripka və armud var. Bu skripka digər natürmortlarda da var, birində yanında limon, ağacı, digərində mis qəhvədanla.

  Uraldakı göl, qaya, külək və insanları da azərbaycanlı rəssamın tablolarına, portretlərinə həkk olunub. Bununla belə Ural peyzajlarında darıxmağın boğuq rəngləri və sükunət hökm sürür, Boradigah kimi küləkli gecələr, qayğılı səhərlər, heyvan dostlar, uçan xəyallar yoxdur bunlarda. 

  Rusiyada yaşayan, çalışan və təqdirlərə layiq görülən Mirzə Məmmədovun fırçasının rənglərindən süzülən, ruhuyla yoğrulan və ərsəyə gələn əsərlərini seyrçi kimi çözməyə çalışmaq maraqlıdır...

  Qeyd edək ki, Mirzə Məmmədov 1 sentyabr 1961-ci ildə Azərbaycanın Masallı rayonunun Boradigah kəndində dünyaya gəlib. Atası Əvəz Əkbər oğlu ağır atletika ilə məşğul olan peşəkar idmançı olub, anası isə evdar qadın.

  Doğulduğu rayonda orta məktəbi bitirən, o illərdə ölkənin tanınmış “Kirpi” satirik jurnalı ilə əməkdaşlıq edən Mirzə 1986-cı ildə Rusiyanın Sverdlovsk Rəssamlıq Kollecinə daxil olub, oranı fərqlənmə diplomu ilə bitirib, sonra Sverdlovsk Memarlıq İnstitutunu qazanıb. Daha sonra (1997) Ural Dövlət Memarlıq və İncəsənət Akademiyasının monumental rəssamlıq ixtisası üzrə məzunu olan Mirzə Məmmədov 2003-cü ilin 22 mayından Rusiya Federasiyası Rəssamlar İttifaqının üzvüdür.

  Daha çox klassik rəssamlıq, Şərq rəngkarlığı və qrafik üslubda qrafik əsərlər yaradan Mirzə Məmmədov monumental, dekorativ və mənzərə sənəti ilə də məşğul olur, kitablar yazır.

  Rusiya Rəssamlıq Akademiyasının medalına da layiq görülmüş azərbaycanlı rəssam hal-hazırda Ural Dövlət Memarlıq və İncəsənət Akademiyasında çalışır, rəsm kafedrasının professorudur. Mirzə Məmmədov 35 ildən çoxdur ki, Rusiyada Yekaterinburqda yaşayır.

 

 

 

Mirzə Məmmədovun ağ-qara rəsimlərinin qalereyası:

https://www.trt.net.tr/azerbaycan/photogallery/m-d-niyy-t-v-s-n-t/mirz-m-mm-dovun-ag-qara-r-siml-ri

Mirzə Məmmədovun rəngli rəsimlərinin qalereyası:

https://www.trt.net.tr/azerbaycan/photogallery/m-d-niyy-t-v-s-n-t/mirz-m-mm-dovun-r-ngli-r-sim-v-naturmortlari

Mirzə Məmmədovun portretlərinin qalereyası:

https://www.trt.net.tr/azerbaycan/photogallery/m-d-niyy-t-v-s-n-t/mirz-m-mm-dovun-portretl-ri?image=2

 

  Rəssamın əsərlərilə bağlı təəssüratlarını bölüşdü Sevda Mirzə



Әlaqәli Xәbәrlәr