Od Çərşənbəniz mübarək!

Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ikincisi - Od Çərşənbəsi 2020-ci ildə 3 marta təsadüf edir.

1365529
Od Çərşənbəniz mübarək!

 

  Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ikincisi - Od Çərşənbəsi 2020-ci ildə 3 marta təsadüf edir.

  Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Bu həftələr Su Çərşənbəsi, Od Çərşənbəsi, Yel Çərşənbəsi, Torpaq Çərşənbəsi adlanır. Bu çərşənbələr Azərbaycanın müxtəlif bölgələrində həm də aşağıdakı kimi adlanır:

  • birincisinə “birinci çərşənbə”, “yalançı çərşənbə”, “əzəl çərşənbə”, “su çərşənbəsi”,
  • ikincisinə “ikinci çərşənbə”, “xəbərçi çərşənbə”, “üskü çərşənbə”, “od çərşənbəsi”,
  • üçüncüsünə “üçüncü çərşənbə”, “ölü çərşənbə” (məzar ziyarətinə görə), “yel çərşənbəsi”,
  • dördüncüsünə “axır çərşənbə”, “ilaxır çərşənbə”, “torpaq çərşənbəsi” və s. deyilir.

  Niyə “od” çərşənbəsi? Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır.

  Bir zaman Od Çərşənbəsində tonqallar qalayar, hər ailə üzvünün adına bir dənə şam yandırar, xonçalar düzəldərdilər.

  Od, atəş bəşəriyyət üçün müqəddəs hesab edilir. Çox qədim keçmişdə yeni anadan olmuş uşağı odun başına dolandırmaqla pak edər, ancaq bundan sonra ananın qucağına verərdilər. Bu inancın və xüsusi mərasimin çox aydın izi bu gün də “Çevir ocağa, al qucağa” kimi atalar sözlərində yaşamaqdadır.

  Od Çərşənbəsi ilə əlaqədar çox sayda inanclar, sınamalar, atalar sözləri, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

Odla bağlı ata sözləri:

Od qalar köz olar, qız qalar söz olar.

Od qalayıb oda düşmüşük.

Od yanan yerdən tüstü çıxar.

Odla bağlı inanclar:

Çərşənbədə ocağı boş qoymazlar.

Ocaqda kül titrəyəndə od xeyrə oynayır deyirlər”.

Odla bağlı tapmacalar:

Evdən - evə qızıl yaylıq.

Odla bağlı qarğışlar:

Oda düşəsən.

Od-ocağa həsrət qalasan.

Ocağın qazan görməsin.

Odla bağlı alqışlar:

Ocağın bərəkətli olsun.

Ocağın nurlu olsun.

Ocağın odlu olsun.

Ocağına nur çilənsin.

Ocağın sönməsin.

  Beləliklə, Novruz və ondan əvvəl keçirilən çərşənbələr Azərbaycan xalqının həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür.

Od Çərşənbəniz mübarək, əziz Azərbaycan xalqı!



Әlaqәli Xәbәrlәr