Səməni necə qoyulur?

Adətən səməni Novruz bayramına 10-15 gün qalmış qoyulur.

1365543
Səməni necə qoyulur?

 

  Novruzun əsas atributlarından, simvollarından biri səmənidir. Novruzu səmənisiz təsəvvür etmək qeyri-mümkündür.

  Səməni bolluq simvoludur. Məhsulun həmin il necə olacağını məhz səməni ilə müəyyən edirlər. Əgər səməni yaxşı bitibsə, boy atıbsa, deməli, məhsul həmin ili bol olacaq.

  Səməni hər evə şadlıq, sevinc gətirir, çünki ona baxan qoca da, cavan da qeyri-ixtiyari xeyirxah olur, daxilən şadlanır.

  Səməni necə qoyulur? Yəni ev şəraitində necə cücərdilir?

  Adətən səməni Novruz bayramına 10-15 gün qalmış qoyulur. Düzgün qulluq etsəniz, bu vaxt səməninin bayrama qədər hazır olmasına kifayət edir.

  Bildiyiniz kimi, əsl səməni əksər hallarda buğdadan qoyulur. Ancaq başqa toxumlardan qoyulan səmənilər də var. Buna arpa, noxud, qarğıdalı və s. toxumdan qoyulan səməniləri göstərmək olar. Fərqli toxumlardan cücərdilən səmənilərin görkəmi buğdadan qoyulmuş səmənidən fərqlənir. Sadə, düz səməniyə sahib olmaq istəyirsinizsə, səməninizi buğdadan qoyun.

  Səmənini qoymaq istədiyiniz qabı seçib ona uyğun miqdarda buğda götürün.

  Buğdanı əvvəlcədən arıtlayın. Xarab buğdaları sağlamlardan seçin ki, cücərməyən buğda az olsun, daha çox buğda cücərsin və səməniniz dolu görünüşlü olsun. Daha sonra başqa hər hansı bir qaba həmin buğdaları tökün və üzərini keçəcək qədər su əlavə edin. Buğdanı cücərməsi üçün günəşli bir yerdə, pəncərə kənarında yerləşdirin. Vaxtlı-vaxtında ona su əlavə edin ki, susuz qalmasınlar və cücərə bilsinlər.

  Buğdaları otaq temperaturunda saxlayın. Bir neçə gündən sonra buğdaların azca şişdiyini və cücərməyə başladığını görəcəksiniz. Bundan sonra onların suyunu yaxşıca süzün və səmənini qoymaq istədiyiniz qaba tökün.

  Buğdaları qabın içinə hər tərəfdə bərabər miqdarda sərin. Üzərini yaş tənzif və ya yaş pambıq parça ilə örtün və quruduqca üstdən sulayıb örtüyü yenidən isladın.

  Cücərtilər bir az uzandıqdan sonra tənzifi götürün və səməninizi vaxtı-vaxtında sulayın.

  Qurumasından asılı olaraq 1-2 gündən bir sulamaq lazım gələcək. Yaxşı olar ki, səmənini qoyduğunuz qabın altında deşiklər olsun. Misal üçün marketlərdə satılan bir istifadəlik plastik qabların altında dəliklər açaraq səməninizi həmin qablarda qoya bilərsiniz.

  Səməninizin bir tərəfə əyilmiş istiqamətdə böyüməməsi, simmetrik olması üçün onu vaxtlı-vaxtında fırladın. Çünki cücərtilər daim günəş gələn tərəfə meyl edəcəklər. Səmənini vaxtında çevirdikdə isə onun bütün tərəfləri eyni ölçüdə olur.

  Bayrama qədər buğda 8-12 sm. qalxır. Bu zaman səməni hazırdır və onun perimetri boyunca səliqə ilə qırmızı lent bağlayın, sonra səmənini masanın üstünə qoyun.

  Bahar bayramınız – Novruzunuz mübarək, əziz Azərbaycan xalqı!



Әlaqәli Xәbәrlәr