Türkiyədə Nəsimi və Həsən Seyidbəyliyə həsr olunan təntənəli tədbir

Türkiyədə yanvarın 15-də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650, görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir təşkil edilib.

Türkiyədə Nəsimi və Həsən Seyidbəyliyə həsr olunan təntənəli tədbir
Nesimi_650_Ankara_07.jpg
Nesimi_650_Ankara_09.jpg
Nesimi_650_Ankara_02.jpg

 

  Türkiyədə yanvarın 15-də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650, görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir təşkil edilib.

  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycan və Türkiyənin Mədəniyyət Nazirlikləri və Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən təşkil edilən tədbir “Nəsimi-2019” ilinin bağlanışına, eləcə də görkəmli kinorejissor, ssenari müəllifi və yazıçı Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunub.

  Mərasimdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri və Nəsimisevərlər iştirak ediblər.

  Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, o cümlədən Ankarada yaşayan mədəniyyət və incəsənət nümayəndələri, mətbuat təmsilçiləri, tələbələr və başqaları iştirak ediblər.

  Tədbirdə öncə Nəsimiyə həsr edilən sərginin açılışı və  Həsən Seyidbəylinin film yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub, TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabının təqdimatı keçirilib.

  Açılış nitqi ilə çıxış edən Düsen Kaseinov TÜRKSOY-un Türk dünyasının məşhur şəxsiyyətləri ilə bağlı layihəsindən bəhs edib və bildirib ki, bu münaisbətlə hər il bir şəxsiyyətə həsr olunur: “Sevindirici haldır ki, 2019-cu ili Nəsimi ili elan etdik, türk ölkələrində böyük şairə həsr edilən tədbirlər keçirtdik, onu təbliğ etdik və əlimizdən gələn qədər tanıtdıq”.  

  Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “2019 - Nəsimi İli” ilə əlaqədar TÜRKSOY heyətinə - baş katib Dusen Kaseinov və Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlıya xüsusi təşəkkürünü bildirdi və vurğuladı: “Elçin Qafarlı Azərbaycanla bağlı layihələrə hər zaman böyük səylər göstərib”.

  Azərbaycan Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov isə dost və qardaş Türkiyənin Azərbaycanın ayrı-ayrı dövrlərdə yaşamış iki böyük şəxsiyyətinə həsr edilən bu tədbirin türk dünyası üçün şərəf olduğunu söyləyib, Həsən Seyidbəyli yaradıcılığından bəhs edib, onun Azərbaycanda nümunəvi kinorejissorlardan biri olduğunu vurğulayıb.  

  TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabının təqdimatı, H.Seyidbəylinin film yaradıcılığını əks etdirən fotosərginin nümayişi və aşıq Səlahəttin Dündarın sazında şairin “Məndə sığar iki cahan” şeirinin ifasından sonra rejissorun “Nəsimi” tarixi-bədii filmi göstərilib.

  Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin məlum sərəncamı əsasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi münasibətilə Türkiyənin də ayrı-ayrı şəhərlərində çoxsaylı mərasimlər, kitab təqdimatları, sərgilər təşkil edilib və tamaşalar göstərilib.



Әlaqәli Xәbәrlәr