Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
Türkiyədə nəşr edilən “Təmrin” dərgisinin ilk xüsusi nömrəsi Bəxtiyar Vahabzadəyə həsr edilib.
Türk dünyasının məşhur Azərbaycan şairi Türkiyə dərgisində
Türkiyədə nəşr edilən nüfuzlu “Təmrin” dərgisinin 2020-ci il ilk nömrəsi Azərbaycan ədəbiyyatı, o cümlədən ümumtürk poeziyasının ustadlarından olan xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunub.
Girişi jurnalın baş redaktoru Hasan Parlakın, salamlaşma mətnini Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin yazdığı “Təmrin” dərgisində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın “Bəxtiyarlıq”, Azərbaycan millət vəkili Cavanşir Feyziyevin “Türk dünyasının sönməyən ulduzu”, akademik Nizami Cəfərovun “Millət şairi Bəxtiyar Vahabzadə”, akademik İsa Həbibbəylinin “Milli istiqlal şairi Bəxtiyar Vahabzadə”, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turanın “Bəxtiyar Vahabzadə ilə bağlı oxunmamış səhifələrdən parçalar”, professor Cavanşir Yusiflinin “Bir şeirin dedikləri və eşqə dair”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Bəxtiyaram mən” məqalələri, habelə Bəxtiyar Vahabzadənin öz dilindən danışılan “Həyatım və sənətim” xatirə yazısından parçalar və şairin Şəkidəki Ev-Muzeyindən kiçik fotoreportaj yer alır. Jurnalda bütün materialları Türkiyə türkcəsinə çevirən yazıçı Ömər Mehmetoğlunun “Azərbaycanın ölümsüz şairi Bəxtiyar Vahabzadə” adlı məqaləsi də var.
Bunlardan başqa, Azərbaycan və Türkiyə, o cümlədən, bütün türk dünyasının dövlət adamları - Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl, eləcə də görkəmli ədəbiyyat və mədəniyyət adamları - Rəsul Rza, Çingiz Aytmatov, Lev Qumilyov, Oljas Süleymenov, Yavuz Akpınar, Cavad Heyət, Əhməd Ercilasun, Mehmet Kaplan, Yavuz Akpınar, Yevgeni Yevtuşenko, Rimma Kazakova, Pavlo Movçan, Yavuz Bülen Bakiler, İmamverdi Əbilovun da Bəxtiyar Vahabzadə haqqında fikirləri dərgidə xüsusi bölümlərdə təqdim edilib.
Dərgini oxucular üçün maraqlı edən xüsusi məqam da türk xalqları şairinin “Ana dili”, “Axı dünya fırlanır”, “Vətən marşı”, “Bir sirdaş istəyirəm”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər”, “Mən türkəm” kimi dillər əzbəri olan şeirlərinin təqdimatıdır.
Qeyd edək ki, Türkiyədə nəşr olunan “Təmrin” jurnalının böyük ümumtürk Bəxtiyar Vahabzadəyə həsr olunan bu ilk nömrəsi Azərbaycanın millət vəkili Cavanşir Feyziyevin yaxından iştirakı və dəstəyi ilə ərsəyə gəlib. Mətnlər Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində seçilib və tərcümə edilib. Layihənin rəhbəri Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu, koordinatoru Bəxtiyar Səlimov və Ömər Küçükmehmetoğludur.