Hürriyyəti, azadlığı əllərindən uçub-gedib...

“… Bəyaz vərəqlər qaraldı, hey qaraldı, ağladı da ağladı…” Bu sözləri Azərbaycanın tanınmış araşdırmaçı-jurnalisti, şairi, “Ötükən və Kür Şad” dastanın müəllifi, dastan yazan ilk türk qadını Aida Eyvazlı Göytürk dedi və...

1318291
Hürriyyəti, azadlığı əllərindən uçub-gedib...

 

  “Günümüzdə uyğurlara qarşı edilən növbəti qətliamdan sonra qəlbim yerindən çıxdı, beynim qopdu, vücudum titrədi, ruhum uçdu… İçimdəkiləri gecədən sübhə qədər kağızlara tökdüm, tökdüm, bəyaz vərəqlər qaraldı, hey qaraldı, ağladı da ağladı…” Bu sözləri Azərbaycanın tanınmış araşdırmaçı-jurnalisti, şairi, “Ötükən və Kür Şad” dastanın müəllifi, dastan yazan ilk türk qadını Aida Eyvazlı Göytürk dedi və “Atam uyğur, anam uyğur” şeirini eksklüziv olaraq TRT/Azerbaycan saytı ilə paylaşmaq istədiyini bildirdi.

Atam uyğur, anam uyğur...

Qansu dönüb qan gölünə,

Xəbər verin Van gölünə,

Uyğurların qolu bağlı,

Çinlilərin qan gözündə.

Kaşqarda altı 6 şəhəri

Yerlə yeksan olan uyğur.

“Doqquz oğuz” tayfasının

Tarixini yazan uyğur.

Tanrı deyib əl acırlar,

Göy üzünə yalvarırlar:

Uca Tanrım!!!

Qara-qara buludlara

Qərq elə Qansu qalasın.

Ya Tanrılığından əl çək,

Bir Yerə en, çinlilərin zülmündən

Qurtar Sincan qalasını.

Bir də oyat yaddaşları,

Oxusunlar daş kitabda qalanları.

Hürriyyəti, azadlığı

Əllərindən uçub-gedib.

Şahid qalıb o illərdən

Karabalqasun kitabə.

Tülək yazan Tərhin daşı.

Oxumuşam o daşları sətir-sətir,

Yazılıb ki: Kutluq xaqan, Eletmiş xan

Çin qızının hiyləsinə,

İpəyinə aşiq olub...

Verib taxtı-tacı əldən.

Çin qızı da hiylə ilə

Keçibdi ocaq başına,

Qardaşı-qardaşa düşmən,

Eli elə yad edibdir...

Tayfaları bir-birinə saldırıbdır.

İpək donlu o çin qızı dağıdıbdı

İttifaqın Uyğurların, Göy türklərin.

Necə demiş Umay ana:

“Düşmənim ocaq başında,

Yandım qardaş savaşında.”

Türk elinin balkonlarda

Nitq söyləyən liderləri.

Deyirsiniz: “Zaman türkün zamanıdır”.

Bəs nə üçün Qansu, Sincan ellərinə

Bir havadar durmadınız?!

O təklənmiş uyğurların canın alan çinlilərə

“Bir durunuz, dayanınız!” demirsiniz?

Çağırıram, harayıma cavab vermir türk elləri,

Çağırıram, səsim çatmır Ötükənə.

Ah-nalə ərşə dirənib.

O naləyə, o haraya çatammıram...

Qızm uyğur, oğlum uyğur,

Beşikdə zorlanan uyğur.

Xanım-xatun türk qızını

Dəstə-dəstə zəncirləyib

Küçələrdə üryan edir,

Qamçı ilə şallaqlayır,

Qan içində qəltan edir.

İlan yeyən, it gəmirən

Çin əsgəri, çin məmuru

Alper Tünqa, Mete xanın, Yaqbu bəyin,

Yaqlak xanın, Doqquz oğuz bəylərinin,

Anam Umay, Rəbiyyənin, Kür Şadın qisasın alır.

Anam oğuz, atam oğuz,

Anam uyğur, atam uyğur...

Azər yurdum, Oğuz yurdum, qıpçaq yurdum,

Ata yurdum Şamaxıdan

Yolum yoluna çatmayır.

Qəlb köksümdə param-parça.

Haraya gedim, haraya?

Haraya gedim əlaca?

Mən evi, yurdu balaca.

Atam uyğur, anam uyğur.

Soyum uyğur...

  Xatırladaq ki, Aida Eyvazlı Göytürk 2018-ci ilin sonunda TRT "Türkiyənin səsi" radiosunun qonağı olmuş və onunla video-müsahibəmiz TRT/Azerbaycan saytında yayımlanmışdı:

https://www.trt.net.tr/azerbaycan/proqram/2018/01/23/dastan-yazan-ilk-turk-qadini-da-az-rbaycanli-oldu-video-musahib-895271



Әlaqәli Xәbәrlәr