6 noyabrdan "Danışır Bakı"

6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

6 noyabrdan "Danışır Bakı"

 

  6 Noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. Bu il - 2019-cu ildə Azərbaycan radiosunun 93, televiziyasının 63 yaşı qeyd olunur. Azərbaycan Radio və Televiziya Bayramı münasibətlə bütün azərbaycanlı radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar arzulayırıq!

"Danışır Bakı"

   Azərbaycan radiosu ilk dəfə 1926-cı ilin 6 noyabrında "Danışır Bakı" deyərək dinləyicilərin görüşünə gəlib. O vaxtdan bəri də danışır. Azərbaycanın qədim tarixindən, zəngin mədəni irsindən, uzaq-yaxın keçmişindən, dünənindən, bu günündən, gözəl gələcəyindən danışır. Tər-təmiz ana dilində danışır. Öz nitqində dilimizin bütün incəliklərini, bütün məziyyətlərini ifadə edərək danışır.

  İlk dəfə Bakı və ətraf məntəqələrində eşidilən Azərbaycan radiosunun səsi bu gün dünyanın istənilən məmləkətindən gəlir.

  İlk verilişlərinin efir həcmi gündə 1 saat olub, bu gün isə Azərbaycan radiosu üçün saat məhdudiyyəti yoxdur. Onu hər zaman hər saatda dinləmək olar.

  Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafında, ədəbi dilin təkmilləşdirilməsində, nitq mədəniyyətinin formalaşdırılmasında bu radionun xidmətləri danılmazdır. Bir anlıq düşünəndə ki, bu radioda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Bülbül, Mustafa Mərdanov kimi böyük sənət korifeyləri çalışıblar - bu məkanı sənət məbədi adlandırmamaq olmur.

  Təkcə belə bir faktı qeyd etmək yerinə düşər ki, ilk dəfə olaraq notlu Şərq alətləri orkestri bu radioda yaradılıb. Niyazi, Səid Rüstəmov, Fikrət Əmirov, Cahangir Cahangirov kimi böyük sənətkarların yeni əsərlərini geniş dinləyici auditoriyasına məhz bu radio çatdırıb. Bu radio bir xalqın musiqi zövqünün formalaşmasında, sözün əsl mənasında, ölçüyəgəlməz əmək sərf edib. Radionun musiqi siyasəti, Müslüm Maqomayev başda olmaqla, böyük korifeylər tərəfindən müəyyənləşib.

  Radioda ədəbi-bədii verilişlərin bünövrəsi Məmməd Səid Ordubadi tərəfindən qoyulub. Mustafa Mərdanovun yaratdığı "Radioteatr"da Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Sidqi Ruhulla, Fatma Qədri kimi Azərbaycan səhnəsinin ustad sənətkarları çalışıblar. Azərbaycan radiosu bu ustadların qurub yaratdıqları o ənənələrə daim sadiq qalıb.

  Bu gün Azərbaycan radiosu xalqının çox böyük mənəvi sərvətinin - səslər xəzinəsinin sahibidir: "Qızıl fondu"nda 100 mindən artıq musiqi və digər sənət inciləri var.

  Mübaliğəsiz demək olar ki, bu radionun 100 ilə yaxın fəaliyyəti dövründə onun töhfələrindən bu məmləkətin hər bir övladına pay düşüb.

  Bu radio zaman-zaman çoxmilyonlu Azərbaycan xalqına ümid olub, inam olub, sevinc olub, təsəlli olub. İkinci Dünya Müharibəsinin ən çətin günlərində Azərbaycan əsgərinin mərdliyindən, mübarizliyindən, qətiyyətindən, hünərindən söhbət açıb bu radio. Arxa cəbhənin səbrindən, dözümündən, ön cəbhəyə dayağından söz açıb bu radio. O illərdə bu radionun özü də müsəlləh əsgər olub. Həm gecə, həm gündüz ayıq-sayıq dayanıb. Yuxu nədir bilməyib, dinclik nədir bilməyib. Bir qələbə müjdəsindən sevinib, bir oğulun itkisindən qəmlənib. O ağrılı-acılı illərdə öz dinləyicisinə ən yaxın sirdaş, min bir sözü-söhbəti, qəlboxşar musiqiləri ilə yaralı ürəklərə məlhəm olub Azərbaycan radiosu.

  Ümumiyyətlə, radio yarandığı gündən bəri öz fərdi xüsusiyyətlərinə görə bütün kütləvi informasiya vasitələrindən fərqlənib. Bu mənada ki, hər hansı bir qəzeti gərək alıb oxuyasan. Televizorun qarşısında oturub baxmaq gərəkdir. Radioya isə hər yerdə - dağda, bağda, düzdə, aranda, maşında, yolda - bir sözlə, hər məkanda qulaq asmaq olar. Ona görə də bir sıra inkişaf etmiş ölkələrdə ictimai-siyasi xarakterli, dövlət əhəmiyyətli ən mühüm xəbərlər ilkin olaraq məhz radio ilə xalqa çatdırılır. Bu fakt uzun illər Azərbaycan radiosunun təcrübəsində də özünü təsdiqləyib.

  Azərbaycan radiosu Vətənin ən ağır günlərində Azərbaycanın ucalan səsi, fəryadı, naləsi olub. Ay keçib, il dolanıb Qarabağ ellərinin başı üstünü qara buludlar alıb. Yağı düşmən o yerləri yağmalayıb. Azərbaycan radiosu da itirilən yurd yerlərinin ağrısını yaşayıb, hələ də yaşamaqdadır...

  Efir dünyasının özünəməxsus bir cazibə qüvvəsi var - desək, yəqin ki, yanılmarıq. Bu qüvvədən uzaqlaşmaq çətindir. Çox çətin. Çünki bəlkə də sözlə ifadəsi mümkün olmayan min bir sirli-sehrli, qeyri-adi bir dünyadır efir dünyası. Bunu yalnız bu dünyanın sakinləri anlaya bilər.

  Bu gün çoxuna elə gəlir ki, radiolara qulaq asılmır. Elektron KİV-lərin, onlayn jurnalistikanın inkişafı klassik radioları arxa planda qoyub. Ona qalmış olsa, qəzetlər haqqında da belə düşünənlər var. Amma birmənalı şəkildə demək olar ki, hər ikisi yanlış düşüncədir. Çünki gözəl bir qəzet yazısından alınan zövqü heç bir radio-televiziya verilişi ilə müqayisə etmək olmaz. Məsələn, ən məşhur musiqi əsərlərinin, muğamların, simfonik lövhələrin radioyla dinlənilməsi ilə televiziya versiyası tam başqa effektə malikdir. Çünki bir çox hallarda görüntü insanın fikrini əsas mahiyyətdən ayırır. Amma o da var ki, gözəl bir mənzərə filminə yalnız televiziya ilə baxıb heyran qalmaq olar.

  Sözümüzün canı ondadır ki, radionun mahiyyətini anlayanlar üçün o heç zaman arxa plana keçməyib və keçməyəcək də. Azərbaycan radiosu göz qabağındadır. Bir əsrə yaxındır ki, danışır. Hələ neçə-neçə illər bundan sonra da danışacaq. Çünki bu radio məktəbdir. (“Ədəbiyyat” qəzeti, 20.05.2011, Z.Əhmədli.)



Әlaqәli Xәbәrlәr