Azərbaycanlı jurnalistin Türkiyədə “Azadlıq nəğməsi”

Jurnalist, yazıçı, siyasi elmlər üzrə fəlsəfə doktoru, AZƏRTAC xəbər agentliyinin Türkiyə Bürosunun rəhbəri Sabir Şahtaxtının Türkiyədə “Azadlıq türküsü” kitabının imza günü keçirilib.

Azərbaycanlı jurnalistin Türkiyədə “Azadlıq nəğməsi”

 

  Türkiyədə azərbaycanlı jurnalist, yazıçı, siyasi elmlər üzrə fəlsəfə doktoru, AZƏRTAC xəbər agentliyinin Türkiyə Bürosunun rəhbəri Sabir Şahtaxtının paytaxt Ankarada “Azadlıq nəğməsi” (“Azatlık türküsü”) kitabının imza günü keçirilib.

  “ATO CONGRESİUM” mərkəzində keçırilən kitab sərgisində dünya ədəbiyyatı nümunələri arasında yer alan “Azadlıq nəğməsi” müəllifin Türkiyə türkcəsində dərc olunan 7-ci kitabıdır.

  Sabir Şahtaxtı açıqlamasında bildirib: “Kitab Azərbaycan türkcəsində keçən il “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ithaf olunaraq çap olunub. “Azadlıq nəğməsi” vətənini ən ali hislərlə sevən iki gəncin - Şahvə və Şölənin eşq hekayəsidir. XX əsrdən günümüzə qədər Azərbaycanda baş verən faktlar obrazlı şəkildə verilib. Buna baxmayaraq, təkcə Azərbaycan və ya Türkiyənin deyil, vətənini, dövlətini, xalqını sevən hər bir milətin nümayəndəsi bu kitabda özünü tapa bilir. Şahvə və Şölənin biri-birinə, ailələrinə, vətənlərinə o qədər ülvi hisləri var ki, onların qəlblərində nifrətə yer yoxdur. Bu baxımdan da roman dünyəvi hesab oluna bilər”.

  Avrasiya Yazarlar Birliyinin nəşri olan kitab 2 min tirajla dərc olunub, amma oxucu auditoriyası topladığına görə müəllif təkrar nəşrinin gözlənildiyini söyləyir: “Roman Türkiyədə maraqla qarşılanıb. Adətən kitab təkrar nəşrə o halda gedir ki, nəşriyyatın proqnozlarını doğruldur və oxucu auditoriyası qazandığına görə, daha yüksək tirajla çap olunur. Mənim üçün sevindirici məqam da odur ki, TÜRKSOY da 50 illik yubileyim münasibətilə bu kitabın Türk versiyasını min tirajla paralel olaraq çap edib. Kitabın ayrıca təqdimetmə mərasiminin olacağı da gözlənilir”.

  Müəllif 21-ci kitabı olan “Azadlıq türküsü”nün tirajı artdıqca daha çox oxucu rəğbəti qazanacağına ümid etdiyini deyir: “Bu kitabda bütün proseslərə obyektiv olaraq yanaşma var və əsər əvvəlindən sonuna qədər tərbiyəvi xarakter daşıyır. Roman dövlətin vətəndaş üçün nə qədər dəyərli olduğunu təbliğ edir. Azərbaycan tarixində 20 Yanvar faciəsi, 26 Fevral Xocalı faciəsi, 31 Mart soyqırımı, 28 Aprel Azərbaycan Xalq Cümhuriyyətinin işğalı günü kimi tarixi faktların kitabda əks olunması ilə yanaşı, romanın sonu müsbət emosiyalara köklənib. 28 Mayın Azərbaycan xalqının və dövlətçiyimizin tarixində, vətənimizin bütövlüyünün qorunmasında nə qədər əhəmiyyətli bir gün olduğu romanda yer alıb. Hesab edirəm ki, bu tarixi günlərin insanların taleyində rolunu əks etdirmək Azərbaycan ədəbiyyatında bir yenilikdir, həm də bu tarixi faktların bədii əksi, tarixşünaslıq baxımından əhəmiyyətlidir”.

  “Azadlıq nəğməsi” (“Azatlık türküsü”) kitabını Türkiyə türkcəsinə çevirən tərcüməçi, redaktor və araşdırmaçı-yazar Metin Yıldırım da həmkarı Sabir Şahtının əsərinə münasibətini bildirdi, eyni mövzunu başqa hadisələr fonunda özünün bu kitab sərgisində təqdim olunan “Suç koridoru” kitabında təsvir etdiyini söylədi, ermənilərin törətdikləri gizli və aşkar işlərdən hər kəsin xəbəri olması vacibliyini vurğuladı.     



Әlaqәli Xәbәrlәr