“Mən belə insanların əhatəsinə düşdüm”, M.Mirbabayev (video-müsahibə)

TRT “Türkiyənin səsi” radiosu və “TRT Azerbaycan” saytının qonağı Azərbaycanın gənc estrada müğənnisi, vokalçı, bir sıra mahnı müsabiqələrinin qalibi Mircabbar Mirbabayevdir.

“Mən belə insanların əhatəsinə düşdüm”, M.Mirbabayev (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı): Bu gün TRT “Türkiyənin səsi” radiosu və “TRT Azerbaycan” saytının qonağı Azərbaycanın gənc estrada müğənnisi, vokalçı, bir sıra mahnı müsabiqələrinin qalibi Mircabbar Mirbabayevdir. Xoş gəlmisiniz.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Bu, nəinki TRT-yə, Türkiyəyə Ankaraya ilk gəlişimdir. Bu səfər mənim üçün çox maraqlı və fərqli oldu. Heç ağlıma gəlməmişdi ki, elə ilk gəlişdə TRT-yə də gələ bilərəm.

Sevda Mirzə (aparıcı): Biz sizi Azərbaycanın gənc müğənnisi kimi tanıyırıq. Tərcümeyi-halınızla tanış olduğumuzda görürük ki, musiqi təhsili almaqla yanaşı, uşaqlıqdan bu günə qədər həm də ictimai tədbirlərdə çox fəalsınız.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı):  Məncə, çoxşaxəli olmaq lazımdır. Musiqidən əlavə digər ixtisaslara da yiyələnmişəm. Məncə, insan bir neçə sahədə inkişaf etməlidir. Etika mədəniyyəti, dünyagörüşü, səhnədə davranış – bütün bunlar təhsillə vəhdət halında olmalıdır.  

Sevda Mirzə (aparıcı): Əfrasiyab Bədəlbəyli adına musiqi məktəbində 7 il pianino üzrə oxumusunuz, eyni zamanda, gitarada gözəl çalırsınız.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Gitara üzrə xüsusi təhsil almamışam. Sırf özüm öyrənmişəm, internet dərsləri vasitəsilə. 7 illik musiqi təhsilim mənə bu işdə kömək edib, notları bilməyim, qulaq duyması və s. İnsanın həvəsi olarsa, bir sahənin təhsilini belə almasa, məncə, onu öyrənə bilər.  

Sevda Mirzə (aparıcı): Aldığınız təhsillərin bəziləri bir-birinə heç uyğun deyil. Məsələn, musiqi təhsili bir, Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər Regionşünaslıq fakültəsi tamam başqa sahədir. Üstəlik Şən və Hazırcavablar Klubunda (KVN) da iştirak etmişiniz.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Bəli, məndə 3 fərqli istiqamət var: diplomatiya, KVN və musiqi.

Sevda Mirzə (aparıcı): Məncə, bu, 3 deyil: vokalçı, estrada müğənnisi, həm də aparıcısınız.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Mən Bakı Slavyan Universitetinə daxil olandan təxminən 20 gün sonra seçimlər başladı. Şən və Hacırcavablar Klubundan gəlmişdilər, seçirdilər. Bəyəndilər, götürdülər. Bizim universitet də daxil olmaqla, 2 il boyu biz bir sıra yarışlarda iştirak etdik. Hətta 2008-ci ildə Dağıstan, Rusiya, Azərbaycan və Gürcüstan arasında bir yarış keçirildi Şəhriyar adına Mədəniyyət Evində. Biz komanda olaraq ikinci yerə çıxdıq, gümüş medal qazandıq. Bu, ölkənin adına gələn uğurdur.

  Bundan başqa, istər ictimai, istər incəsənət sahəsi olsun, universitetin bütün böyük və rəsmi tədbirlərində aparıcılıq etmişəm. Amma tələbəlik illərində müğənniliyə o qədər də ciddi yanaşmırdım, elə bilirdim, bu, ancaq universitet çərçivəsində qalacaq, ta 2009-cu ildə IV Ümumrespublika Yaradıcılıq Festivalı çərçivəsində keçirilən “Tələbə baharı” yarışmasına qədər. Münsiflər heyətində çox adlı-sanlı nümayəndələr var idi: Aygün Kazımova, Faiq Ağayev, Murad Dadaşov və başqaları. Mən “Pop musiqisi” nominasiyası üzrə qalib oldum. Azərbaycana “Euroviziyon” qalibiyyəti gətirən, eyni universitet və eyni fakültədə oxuduğumuz Eldar Qasımov da həmin il o müsabiqəyə qatılmışdı. Hər birimiz ayrı-ayrı nominasiyalar üzrə qalib olduq.

  Bəzən mənə irad tuturlar ki, beynəlxalq münasibətlər fakültəsini bitirmisən, amma musiqi ilə məşğulsan. Mən aparıcılıq və müğənniliyə daha çox bağlıyam. Həyatda uğurlu insanların çoxu əsasən öz ixtisası üzərində işləməyənlərdir. İnsan ürəklə, sevgi ilə nəyə yanaşırsa, o olur. Mən “orkestr adam” kimi özüm özümün prodüseriyəm, özüm özümə mahnı seçirəm, məkan seçirəm və s.

Sevda Mirzə (aparıcı): Görünür, uşaqlıqdan hiperaktiv olmuşunuz, hər şeyi özünüz etmək istəyirsiniz.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Uşağlığımı deməyin, heç danışılası deyil, çox nadinc olmuşam.

Sevda Mirzə (aparıcı): Adətən elə uşaqlıqda nadinc olan uşaqlar böyüyəndə uğur sahibi olurlar. O uşaqlar niyə “nadinc” adlanır? Çünki öz fikirləri olur. “Etmə, eləmə” desən də, gedir və öz istədiyini edir. Bəs sizin uşaqlıqda ailədə istəkləriniz necə qəbul olunub?

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): İbtidai sinfi – 4-cü sinfi bitirəndə “Dədə Qorduq” dastanından bir hissəni səhnələşdirdik. Mən Qazan xanı oynadım. İndiyədək də o görüntülər durur. O zaman valideynlərimin heç ağlına da gəlməzdi ki, sonra nə olacaq. Düşünürdülər ki, uşaqlıqda bir rol idi, oynadı, keçdi, getdi. Deyilənə görə, gözəl oynamışdım. Aktyorluğum elə oradan başladı. Amma açıq deyəcəyəm: mən mahnı oxuyanda atam yox, amma anam qarşı idi, məni incəsənət sahəsində qəti görmək istəmirdi. Hətta kimsə soruşanda ki, “Mircabbar oxuyur”, anam gizlədirdi, çünki utanırdı. Sonra Azərbaycanda keçirilən musiqi yarışlarına qatıldıqca, müəyyən uğurlar qazandıqca vəziyyət dəyişməyə başladı. Heç yadımdan çıxmır: 2016-cı ildə “Azərbaycanın səsi” mahnı yarışmasında iştirak etdim. Yarımfinal mərhələsinə çıxandan sonra evdəkilərə, xüsusilə, anama dedim: “Bax, bir zaman mənim oxumağımdan utanırdınız”. İndi isə bir yerə gedəndə: “Çıx, sən də bir-iki mahnı oxu”, - deyirlər.

Sevda Mirzə (aparıcı): Ümumiyyətlə, insan özünü təsdiq edənə qədər bir çox “yox”lardan keçir. Elə insanı irəliyə aparan inad “Yox, sən bu işi bacarmazsan” sözləri olur.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Düzdür, adətən belə olur. Amma mən valideynlərimə inad deyil, özüm istəyərək, sevərək oxuyurdum. Əgər bu, Allahın vergisidirsə, niyə də olmasın.

Sevda Mirzə (aparıcı): Siz gənc bir estrada müğənnisisiniz, amma səsiniz daha çox vokal janrına uyğundur.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Doğrudur.

Sevda Mirzə (aparıcı): Hətta Avropa dillərində belə vokal musiqisi oxuyursunuz.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Çoxu məndən soruşur: “Sən vokal dərsləri almısanmı?”. Deyirəm: “Xeyir, almamışam”. Təəccüblənirlər. Mən sadəcə qulağımla təhsil almışam: Luçano Pavarotti, Andriano Baçelli, Rəşid Behbudov, Samir Cəfərov kimi sənətkarlara qulaq asa-asa. Bilirsiniz ki, bizim musiqi dərsi almayan nə qədər dahilərimiz var.

Sevda Mirzə (aparıcı): Əslində onlar da dövrün ustadlarından dərs alıblar.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Əsas təhsil qulaq təhsilidir. Qulaq musiqini doğru alırsa və doğru oxuya bilirsənsə, bunun özü təhsilə bərabərdir.

Sevda Mirzə (aparıcı): Vokal səsi demişkən, deyək ki, bir gün opera teatrından sizi dəvət etdilər və rol verdilər. İstəyərsinizmi?

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Tam nöqtəsinə toxundunuz. Mənə bir dəfə məsləhət görmüşdülər Musiqili Komediya Teatrına, “tam olaraq sənin məkanındır” deyə, amma heç bilmirəm o zaman niyə getmədim. “Musiqili meydan” yarışmasında iştirak edərkən orada Xalq artisti Sabir Əliyev də mənə dedi: “Sənin yerin Musiqili Komediya Teatrıdır. Səsin, maneraların ora çox uyğun gəlir.”

Sevda Mirzə (aparıcı): Yəqin bir gün sizi Opera və ya Musiqili Komediya Teatrında görəcəyik.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): İnşaallah. Özümlə bağlı arzum, planlarım çoxdur. Məni ən yaxından tanıyanlar bunu bilir.

Sevda Mirzə (aparıcı): Sizin aparıcılıq qabiliyyətinizə də toxunmaq istəyirəm. İllər boyu aparıcı olmuşunuz, müsahibləriniz olub. Bu gün özünüz müsahibsiniz. Bu vəziyyətdə özünüzü necə hiss edirsiniz?

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Demə sual verdiyim müsahiblər gözləyirmişlər: “Aparıcı, görəsən, nə soruşacaq?” İndi mən özümü tam o vəziyyətdə hiss edirəm. Həqiqətən də müsahib olmaq qəribə bir hissdir.

  Mən “Kultura Plus” internet televiziyasında 5 ilə yaxın aparıcı çalışdım. Son 2 ildə hətta prodüsserlik də aparıcılıqla paralel oldu. Televiziyada çox əhəmiyyətli mövzulara toxunduq. Bizim “Gerçək mözücələr” layihəmiz olmuşdu, dünyada baş verən elmi-texnoloji nailiyyətlər haqqında.

  Sonra “Bizim rəqslər” verilişini hazırladıq. Burada Azərbaycanda yaşayan azsaylı xalqların rəqslərindən bəhs etdik: udilər, talışlar, tatlar və respublikada yaşayan digər xalqların rəqs mədəniyyəti haqqında danışdıq. Azsaylı xalqların nümayəndələrini, ictimai birliklərinin sədrlərini dəvət edir, dərsləri onlayn şəklində görüntülü olaraq həm çəkir, həm də izahını verirdik. Tam əminliklə deyə bilərəm ki, ölkədə belə bir veriliş olmayıb.

  Daha sonra “Bizim zamanın çağırışı” layihəmiz oldu. Deyə bilərəm ki, bu, ən böyük layihə oldu televiziyamızda. Tanınmış millər vəkilləri, psixoloqlar, din xadimləri verilişimizin qonaqları idi. Layihənin məqsədi “Ölkədə baş verən dini radikalizm”, “Din uğrunda vuruşmaq” adı altında Suriya və ya başqa müharibə bölgələrinə üz tutan gənclər, “İslamda qadının mövqeyi”, “İslamda ailə”, “İslamda hüquqlar” kimi mövzulara aydınlıq gətrimək, insanları maarifləndirmək idi.

  Bir məqamı da nəzərinizə çatdırım ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə biz 2 böyük sənədli film çəkdik. Respublikanın bütün kinoteatr və nümayiş yerlərində bu sənədli filmlər göstərildi. Bu “Vəhdət” və “Şəhadət” filmləri “Youtube”da da var.

  “Şəhadət” sənədli filmində bizim Suriyaya cəlb olunan, şirnikləndirilən, qaçan bəzi gənclərimizdən bəhs olunur. Biz birbaşa onların özlərini danışdırmış, müsahibələr almışıq. Onlar: “Biz belə bilmirdik. Getdik. Belə oldu”, - deyə peşmanlıqlarını ifadə, səhvlərini etiraf ediblər.

  “Vəhdət” sənədli filmi isə Aprel döyüşü şəhidləri haqqındadır. Biz onların da evlərində olduq, bir-bir ailə üzvlərini danışdırdıq. Bu filmlərlə biz belə bu suala cavabı ortaya qoymaq istədik: kim nəyin uğrunda gedir? Suriyaya gedən gənclərin valideynləri deyirdilər ki, “Kaş bizim uşaqlar da Mübariz İbrahimov və Aprel döyüşlərində iştirak edən gənclər kimi olardılar”.

Sevda Mirzə (aparıcı): Öz torpaqları uğrunda vuruşmağın adı qəhrəmanlıqdır, amma yad yerlərdə ayrı-ayrı dini qruplarla döyüşməyin adı özünü məhv etməkdir.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Bəli, biz belə çox mühüm mövzulara toxunduq. “Kultura Plus”un illərlə həyata keçirdiyi bu layihələrdə aparıcı, sənədli filmlərdə isə prodüser kimi çalışdım.

Sevda Mirzə (aparıcı): Bildiyimə görə, burada Azərbaycan televiziyasının qaymaq mütəxəssisləri ilə çalışmışınız, istər aparıcı, istər rejissor, istərsə də texniki heyəti olsun. Onların adlarını da sadalasaq, yaxşı olar, çünki biz onlardan öyrənərək bir yerlərə gəldik.

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı): Necə ki Türkiyəyə ilk gəlişimdə TRT-nin qonağı olacağım ağlıma gəlməzdi, eləcə də “Kultura Plus”da belə insanlarla çalışacağımı təsəvvür etmirdim. Bizim direktorumuz Nailə İslamzadə idi. Namiq Şirəlibəyov, dövlət televiziyasının tanınmış rejissoru, Qarabağ döyüşlərinin canlı şahidi Nadejda İsmayılova, fəxrlə adını çəkirəm, mən çalışdığım redaksiyanın baş redaktoru və gözəl insan Nadir Bədəlov, televiziyanın bədii rəhbəri, Prezident mükafatçısı, “Space” telekanalının yaradıcılarından biri Böyükağa Məmmədov kimi televiziya mütəxəssiləri ilə çalışdım. Öyrənmək ərəfəsində mən belə insanların əhatəsinə düşdüm.

Sevda Mirzə (aparıcı): Mütəxəssislərin əlinin altında çalışmaq böyük bir şansdır. İnsan bir zaman özü müəllim olanda öyrəndiklərini təcrübəsilə birlikdə gələcək nəsillərə ötürür. Bəs yaxın gələcək üçün hansı planlarınız var?

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı):  Mən elə bir musiqi növünü seçmişəm ki, rəsmi tədbirlərə dəvət olunuram. Özümə Müslüm Maqomayev və Rəşid Behbudov istiqamətlərini götürmüşəm. Hara getsəm, ifa etdiyim mahnıların 30-40 faizi onların repertuarındandır. Mən mükəmməl vokal ənənəmizi yaşatmaq istəyirəm. Rusdilli ölkələrdə olan yarışmalara qatılmaq, sırf Müslüm Maqomayev və Rəşid Behbudov stilində olan musiqilərimizi dünyaya tanıtmaq arzusundayam.  

Sevda Mirzə (aparıcı): Biz fəxr edirik ki, Azərbaycan mədəniyyətinin zənginliyi hər birimizə zərrələrindən istifadə edib inkişaf etdirmək imkanı verir.   

Mircabbar Mirbabayev (estrada müğənnisi və vokalçı):  Hərə öz payına düşəni etsə, bir də baxacağıq ki, gözəl yumru bir dairə yaranıb, içində də keyfiyyətli iş və keyfiyyətli insan.   

Sevda Mirzə (aparıcı): Mən Azərbaycan adına çox sevinirəm ki, ölkəmizdə sizin kimi musiqi yolunu davam etdirməklə yanaşı, geniş ictimai fəaliyyəti olan gənclər var. TRT “Türkiyənin səsi” radiosu canlı yayımına - studiyamıza gəldiyiniz üçün sizə təşəkkür edir və uğurlar diləyirik.          

 



Әlaqәli Xәbәrlәr