"Son iclas" olsa da, Azərbaycana cümhuriyyət mirası qoydular

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə “Son iclas” bədii-sənədli filmi nümayiş olundu.

1074826
"Son iclas" olsa da, Azərbaycana cümhuriyyət mirası qoydular

  Türkiyənin paytaxtı Ankarada Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə “Son iclas” bədii-sənədli filmi nümayiş olundu. Gecədə rəsmi şəxslər, səfirlər, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, paytaxt ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri iştirak edib.

  Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahim çıxışa başlayaraq müsəlman Şərqi və türk dünyasının ilk cümhuriyyəti olan Azərbaycan dövlətinin keçdiyi yolu qısaca gələn qonaqlara anlatdı və bu nüanslara toxundu:

  “Tələbəlik illərimizdə Azərbaycan Xalq Cümhuriyyətilə bağlı məlumat o qədər az idi ki. Amma 90-cı illərdə - Azərbaycan Xalq Cümhuriyyətini yendiən qurma mübarizə illərində mətbuat səhifələrinə arxivlər işıqlanmağa başladı. Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsilə bağlı Sərəncamından sonra bu dövr daha dərindən araşdırılmağa başlandı və ortaya cild-cild dəyərli kitablar çıxdı.”

  Azərbaycan səfiri yaxınlarda İzmirin Əliağa qəsəbəsində açılan Star Neftayırma Zavodunun (Star Rafinerisi) açılışına da toxunaraq dedi:

  “Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu yüz il qabaq necə idisə, bu gün ondan daha irəli gedib. Bunun son nümunəsi hər iki ölkənin prezidenti və yüksək səviyyəli dövlət məmurlarının iştirak etdiyi İzmirin Əliağa qəsəbəsində Star Neftayırma Zavodunun (Star Rafinerisi) açılmasıdır.”

  “BP-Türkiyə” şirkətinin rəhbəri Mik Stap (Mick Stup) da çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və çətin yoldan bəhs edərək dedi:

  “Azərbaycan Cümhuriyyəti nəinki Azərbaycan, bütün dünya üçün əhəmiyyətli hadisə idi. Azadlıq heç bir zaman asan əldə olmayıb.”

  M.Stup habelə BP şirkətinin Azərbaycan və Türkiyədə reallaşdırdığı mədəniyyət layihələrinin əhəmiyyətindən danışdı, növbəti sponsorluğu ilə reallaşan “Son iclas” sənədli filmini yüksək dəyərləndirdi.

  Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Osmanlı dövləti ilə Cümhuriyyətin münasibətlərinə, eləcə də Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına toxunub. O, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edilməsini müsəlman Şərqində ilk parlament respublikasının qurucularına böyük ehtiram kimi dəyərləndirib.

  “Son iclas” filminin məqsədi və ərsəyə gəlməsində görülən işlərdən danışan ssenari müəllifi Müsəllim Həsənov diqqətə çatdırıb ki, hərbi işğal nəticəsində süqut edən Cümhuriyyətə düşmən münasibət sovet dövründə də davam edib. Bolşevik təbliğatı nəticəsində Cümhuriyyət hakimiyyəti, onun ideyaları barədə yanlış məlumatlar yayılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bütün bu ədalətsizliklərə son qoyulub.

  Çıxışçılar filimin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin minnətdarlıqlarını ifadə ediblər. Əminliklə qeyd olunub ki, “Son iclas” hər zaman tamaşaçı rəğbəti qazanacaq.

  Rəsmi hissədən sonra filmin nümayişi olub. Cümhuriyyətin fəaliyyətini, qarşılaşdığı problemləri, süqutunun səbəblərini, eləcə də müstəqilliyimizin bərpasının ilk illərində mühüm tarixi məqamları əks etdirən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

  Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün çəkilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

  Filmdə Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi indiyədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsi əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.



Әlaqәli Xәbәrlәr