29 avqust İctimai Radio Televiziyanın yaranma günüdür

Bu tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi...

1039489
29 avqust İctimai Radio Televiziyanın yaranma günüdür

  1956-cı ilin soyuq bir fevral axşamı Azərbaycan xalqı yeni bir möcüzə ilə üz-üzə qaldı. Sonralar uzun illər “sehirli qutu” kimi tanınan bu “möcüzə”nin adı hələ dilə o qədər də yatmayan “televiziya” idi. Və onda çox adam heç bilmirdi ki, dilə yatmayan bu “tele” və “video” sözləri yunan-latın dilindən alınmadır və birlikdə “uzağı görmək” mənasını verir...

  İllər keçəcək və televizya möcüzə rolunu itirəcək, adiləşəcəkdi. Sonra Azərbaycanda da telekanalların sayı artacaq. Daha bir televiziya, fərqli bir telekanal yaratmaq zərurəti də yalnız bundan sonra meydana çıxacaqdı. Məlum olacaqdı ki, onsuz demokratik cəmiyyət quruculuğundan, demokratik ölkə imicindən danışmaq tezdir, çox tezdir...

Bu televiziyanın adı İctimai Televiziya olacaqdı...

1991-ci ildə totalitar sovet rejiminin caynağından qurtulub, yenidən müstəqillik qazanan Azərbaycan elə ilk günlərdən dünyaya demokratik inkişaf yolu tutduğunu bəyan elədi. Ağrılı-acılı keçid dövrünü yaşayan ölkə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə stabilliyə nail oldu və demokratik cəmiyyətin əsas elementlərini yaratmağa başladı.Ölkədə mətbuat azadlığının real təminatı üçün “Kütləvi İnformasiya vasitələri” haqqında yeni qanun işlənib qəbul edildi. Və yalnız bundan sonra cəmiyyətin yeni bir demokratik instituta – ictimai televiziyaya ehtiyacı məsələsi aktuallaşdı. “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikasının qanunu hazırlanıb uzun müzakirələrdən sonra qəbul edildi. Bu müzakirələr zamanı ictimai yayıma, ictimai televiziyanın yaradılmasına cəmiyyət “hə” dedi.

Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzaladı.

Yalnız beynəlxalq standartlara uyğun bu cür hüquqi baza formalaşdırıldıqdan sonra Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılmasına yaşıl işıq yandırıldı. Və bu demokratik ideyanın reallaşmasının memarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini basmaqla ölkədə İctimai Televiziya və Radio Yayımına xeyir-dua verdi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara isə Azərbaycan dövlətinin seçdiyi demokratik inkişaf yoluna, fikir plüralizminə, söz və mətbuat azadlığı prinsiplərinə sədaqətini növbəti dəfə təsdiqlədi. Bu möhtəşəm tarixi hadisə 2005-ci il avqustun 29-da gerçəkləşdi.

Bu gün dünyanın bir çox ölkələri İctimai Televiziya yayımını həyata keçirir. Özünü demokratik ölkə kimi təqdim edən bəzi dövlətlərin isə adı bu siyahıda yoxdur. Amma Azərbaycan dövləti müstəqilliyini bərpa edəndən heç 15 il keçməmiş belə bir demokratik institutun da yaradılmasına imza atmaqla, cəmiyyətdə söz və mətbuat azadlığına, plüralizmin təşəkkülünə geniş yer verildiyini ortaya qoydu.
İndi Azərbaycanda demokratik cəmiyyətin əsas atributlarından olan İctimai Televiziya 2005-ci ildə dünya ölkələrinin müsbət təcrübəsinə güvənməklə, porblemsiz yaradılıb, özü də klassik formada–dövlətin təşəbbüsü ilə. Dünyada milli ictimai yayım formaları fərqli olsa da onları dörd əsas prinsip birləşdirir. Birincisi, bütün ictimai teleradio kanalları xüsusi qanunvericilik əsasında formalaşır.

Azərbaycan bu qanunu 2004-cü ilin sentyabrında qəbul edib. İkincisi, istənilən ictimai yayıma cəmiyyət müvafiq kollegial orqanlar vasitəsilə nəzarət edir.

Azərbaycan cəmiyyətinin İctimai Televiziyaya belə nəzarət mexanizmi “İctimai Televiziya və Radio Yayımları haqqında” Azərbaycan respublikasının qanununda öz əksini tapıb. Həmin qanuna uyğun olaraq bütün sosial qrupların maraqlarını təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Milli Elmlər Akademiyası, Mətbuat Şurası,

Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarının nümayəndələrindən ibarət Yayım Şurası yaradılıb. Yayım Şurasının üzvləri alternativ əsaslarla ciddi müzakirədən sonra Azərbaycan Parlamenti tərəfindən təsdiq edilir.

Yayım Şurasının üzvləri müxtəlif ictimai təşkilatları, cəmiyyətin fərqli təbəqələrini təmsil edirlər. Nəticədə ölkədə ictimai yayıma cəmiyyətin nəzarəti maksimum təmin edilir. Nəzərə alsaq ki, Yayım Şurasının üzvləri rotasiya olunur, təmsilçilik sırasına yeni ictimai təşkilatların nümayəndələri də cəlb edilir, onda ölkənin yayım siyasətinin şəffaflığı və demokratikliyi barədə təsəvvür daha da dolğunlaşar.

Dünyada ictimai yayımla məşğul olan teleradio şirkətlərinin maliyyələşdirilməsi vacib şərtlərdəndir. Maliyyələşmə məsələsi də qanunla tənzimlənir və kanalın hər hansı kommersiya maraqlarına tabe edilməsinin qarşısı alınır. Azərbaycan qanunvericiliyi İctimai Televiziyanın maliyyə məsələsini də tamamilə şəffaf tənzimləyir.

Nəhayət, dördüncü prinsip - ictimai yayım şirkətinin məzmunu, onun proqram siyasəti obyektiv, tərəfsiz və qərəzsiz informasiyaya əsaslanmalı, geniş əhali kütləsinin maraqlarını təmin etməyə istiqamətlənməlidir.

İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir.

Bu, qanunvericiliyin tələbidir.

İctimai Televiziya Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın bu başlıca dörd prinsipini rəhbər tutaraq fəaliyyət göstərir.

Elə buna görə də İctimai televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli – İctimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdür. Bunu dünya klassik ictimai yayım praktikası və ənənəsi tələb edir, bunu

Azərbaycan qanunvericiliyi tələb edir, bunu Azərbaycan tamaşaçısı, Azərbaycan xalqı tələb edir.

Azərbaycan qanunvericiliyinə görə İctimai yayım xidmətinin əsas prinsiplərindən biri informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyüdür. İctimai televiziya bu prinsiplə işləyir.

Bu, mədəniyyət rəngarəngliyidir.

Bu, ədəbiyyat rəngarənliyidir.

Bu, incəsənət rəngarəngliyidir.

Biz bu rəngarəngliklə zənginik.

İctimai Televiziya fəaliyyətinin ikinci ilində - 2007-ci ildə Avropa Yayımları Birliynə tamhüquqlu üzv qəbul edilib. Bu, 1950-ci ildən fəaliyyət göstərən beynəlxalq televiziya şəbəkəsinin cəmi iki yaşı olan bir şirkətin fəaliyyətinə inam və etibarının, etimadının göstəricisi olub. Və bir də bu, ölkəmizin ictimai yayımçısının dünya yayım şəbəkəsində özünə layiqli yer tutmasının təsdiqi olub.
Təsadüfi deyil ki, Avropa Yayım Birliyinin Baş assambleyasının 2010-cu ildə keçirilən 64-cü yay sessiyasına MDB ölkələrindən ilk dəfə məhz Azərbaycan ev sahibliyi edib. Dünyanın 57 ölkəsinin 77 teleradio qurumunun rəhbərlərinin iştirak etdiyi bu tədbirin keçmiş SSRİ məkanında ilk təşkilatçısı Azərbaycanın İctimai televiziyası olub.

Məlumat üçün əlavə edək ki, Avropa Yayım Birliyi ildə iki dəfə toplanır. Qış sessiyası bir qayda olaraq İsveçrənin Cenevrə şəhərində keçirilir, yay sessiyasının yeri isə ayrı-ayrı dövlətlərin müraciəti əsasında müvafiq araşdırmalar aparıldıqdan sonra və həmin dövlətlərdəki infrastruktur və mediyaya verilən qiymətdən asılı olaraq müəyyənləşir.

Deməli, birliyin yay sessiyasının Azərbaycanda keçirilməsi həm də ölkəmizdə mətbuata qayğının dünya standartları səviyyəsində olduğunun, eləcə də İctimai Televiziyanın bu standartlara cavab verdiyinin təsdiqidir.

Belə bir etimadın, etibarın nəticəsidir ki, indi İctimai Televiziya dünyadakı nəhəng korparasiyaların bölgədə ən etibarlı partnyoruna çevrilib.

“Evronyus” kimi nüfuzlu telekanalla qarşılıqlı əməkdaşlıq barədə müqavilə imzalanıb və dünyanın bu aparıcı xəbər kanalı İctimai Televiziya ilə əməkdaşlığa başlayıb.

İctimai yayım haqqında qanunvericiliyin tələbinə görə İctimai Televiziya milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyub inkişaf etdirən maarifləndirici, məlumatlandırıcı və əyləndirici proqramlar vasitəsilə vətəndaşların maraqlarını təmin etməlidir. Bu vəzifənin öhdəsindən də layiqincə gələn İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısına çevrilib. Kann kinofestivalı, Vyana Filarmoniya orkestrinin konserti, “World Music Awards”, Olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri Azərbaycan auditoriyasına məhz İctimai Televiziya təqdim edir.

Teleşirkət neçə illərdir ki, Türkiyə, Macarstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq şəraitində işləyir. Bu telekanallarla mübadilə proqramları həyata keçirir.

Belə əməkdaşlıq sayəsində təşkil edilən telekörpülər, birgə layihələr mədəniyyətlər vasitəsi ilə müxtəlif xalqlar arasında körpü yaradır, müxtəlif mədəniyyətə və dini görüşə malik xalqların daha da yaxınlaşmasına, qarşılıqlı anlaşmaya və inkişafa yardımçı olur.

Son illər türkdilli xalqlar arasında əməkdaşlığın daha da artırılması, milli-mənəvi dəyərlərin qarşılıqlı mübadiləsi və təbliği məsələsi Azərbaycan cəmiyyətində xüsusi aktuallıq kəsb edib. Ortaq türk dilinin formalaşması barədə müzakirələr çoxdan başlayıb.

İctimai Televiziya cəmiyyəti narahat edən bu məsələdə də birinciliyi ələ alıb. 2009-cu ildən türkdilli ölkələrin ortaq televiziyası fəaliyyətə başlayıb. İlk dəfə İctimai televiziya və Türkiyə Radio-Televiziya qurumu TRT-nin başladığı ortaq yayımların uğuru bu möhtəşəm layihəyə Orta Asiya ölkələrinin də qoşulmasını təmin edib. Bir sözlə, ortaq türk dili, böyük türk birliyi yolunda ilk zəruri və real addımları da İctimai Televiziya atıb.

Neçə illərdi ki, İctimai radionun TRT radiosu ilə birlikdə hazırladığı “Qorqud ata” proqramı bütün türk dünyasına yayımlanır, türk dünyasının dünəni və bu günü, böyük şəxsiyyətləri, zəngin mədəniyyəti və ədəbiyyatı barədə verilişlər hazırlayır, bu yolla türk birliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

İndi İctimai Televiziya və Radio 24 saat ərzində Azərspace və Hotbird peykləri vasitəsilə dünyanın əksər ölkələrinə, www.itv.az ünvanlı internet saytı ilə bütün dünyaya yaımlanır. Elə bu səbəbdən də dünyanın müxtəlif guşələrinə səpələnmiş Azərbaycanlılar üçün hər həftənin cümə axşamı xüsusi proqram – “Qərib axşamlar”ı təqdim edir. Bu proqramın hər yerdə, hər ölkədə tamaşaçıları var, bu proqramı gözləyənlər var. Deməli, İctimai televiziya həm də dünya azərbaycanlılarının televiziyasıdır.

Müasir dövrdə fəaliyyət istiqamətindən, siyasi və ictimai mövqeyindən, üz tutuduğu auditoriyadan asılı olmayaraq heç bir televiziya kanalını ən müasir rəqəmsal avadanlıqsız təsəvvür etmək mümkün deyil. Qarşısına ictimai yayımı reallaşdırmaq məqsədi qoyan televiziyanı isə xüsusən... Bu məqsədlə yarandığı ilk gündən şirkət dünyanın ən aparıcı texnologiya istehsalçılarının müştərisinə çevrilib. İndi İctimai Televiziya həcminə, çəkiliş və montaj avadanlıqlarının müasirliyinə, eləcə də texniki göstəricilərinə görə regionun ən güclü telekanallarından biri sayılır. İki inzibati binadan ibarət şirkətin səkkiz studiyası günün tələbləri səviyyəsində qurulduğundan 24 saatlıq yayım proqramında fasilədən, gecikmədən söhbət gedə bilməz. Dünya standartlarına uyğun Səyyar Televiziya Stansiyaları, zəngin texniki bazası olan teleşirkət indi rəqabətədavamlı proqram siyasəti yeritməyə, istənilən ekstremal şəraitdə çəkiliş aparmağa qadirdir. Çünki Azərbaycan dövlətinin ictimai yayımçı qarşısında qoyduğu başlıca vəzifələrdən biri də Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

İctimai Televiziya bu böyük və ali məqsədə çatmaq üçün uzun bir yola çıxıb. Yolu açıq, xeyiri-uğurlu və mübarək olsun! 13 yaşın mübarək, İTV!

 

mənbə: itv.az saytı



Әlaqәli Xәbәrlәr