Ankarada İranı Təbrizin teatrı təmsil etdi

Türkiyənin paytaxtında XII Ankara Ethos Teatr Festivalında İranı Təbriz teatrı təmsil etdi.

939211
Ankarada İranı Təbrizin teatrı təmsil etdi

  Türkiyənin paytaxtında XII Ankara Ethos Teatr Festivalında İranı Təbriz teatrı təmsil etdi.

  Təbrizin gənc Paşa Teatrının təqdimatında yazıçı Əkbər Şəriətin qələmə aldığı “Paşa” tamaşası Azərbaycan türkcəsində Təbriz ləhcəsində nümayiş olundu.   

  İranda Məşrutiyyət dövrü öncəsi yaşamış Azərbaycanın tarixi qadın qəhrəmanı Zeynəb Paşaya ithaf olunan əsər 36-cı Beynəlxalq Fəcr Teatr Festivalından sonra ikinci dəfə bir festivalda göstərilirdi.  

   Musiqisi Şahrux Pənahfərdə məxsus olan və tragikomediya janrında səhnəyə qoyulan “Paşa” tamaşasında Təbrizin aktyorları Məhəmməd Qənbəri, Mehdi Səmsari, Delaram Həbib Piran, Bəhram Həsənbabayi, Vəhid Şirzad, Əli Abbaspur iştirak edir.

  Nümayişdən sonra zaldakı seyrçilərlə tamaşanın yaradıcı qrupu arasında diskussiya oldu.

  Dramaturq Əkbər Şəriəti bu və digər tamaşalarla Azərbaycan türkcəsini anlayan hər yerə, hər məmləkətə, o cümlədən Azərbaycanın paytaxtı Bakıya da getməyi arzuladıqlarını söylədi.

  Rejissor və Zeynəb Paşa rolunun ifaçısı Nazilə İranzad Beham “Paşa” tamaşasının ərsəyə gəlməsindən, Zəynəb Paşa kimi qəhrəman qadınların kişilərdən heç də geri qalmadıqlarından, qadın-kişi bərabərliyinin dünyaya sülh və əmin-amanlıq gətirəcəyi inamından bəhs etdi.    

  “Paşa” teatrının Ankara festivalında iştirakının təşkilatçılarından biri olan Aydın Sərdariniya isə TRT “Türkiyənin səsi” saytına məlumatında bu sözləri söylədi: “Paşa” Təbrizin gənc teatrlarından biridir. Zeynəb Paşa və dövrünün bir qismini əks etdirən tamaşa 2 ay Təbrizdə oynandıqdan sonra İranın Şərqi Azərbaycan ayalətində seçilmiş teatr olaraq Beynəlxalq Fəcr Teatr Festivalına göndərildi.”

  Təbrizin “Paşa” teatrı XII Beynəlxalq Ankara Ethos Teatr Festivalından sonra Türkiyənin Bartin şəhərinə yola düşdü.

  Qeyd edək ki, Azərbaycanın mübariz qadınları arasında xüsusi dəst-xətti olan Zeynəb Paşa öz dövründə və sonrakı zamanlarda bir çox şair və yazıçıların əsərlərinə mövzü olub. Onun qəhrəmanlığı haqqında çox yazılıb və yazılır. (Şəkildə sağdan ikinci.) 

  19-cu əsrin sonlarına yaxın yaşanan qıtlıq və quraqlıq illərində bir qadın dəstəsinə rəhbərlik edərək Təbrizdə hakimiyyətə qarşı 40 qadınla bərabər üsyana başlayan Zeynəb Paşa məzlumlara yardım hərəkatı başlamışdı. 1898-ci ildə onun rəhbərliyilə Təbrizdə üsyan baş verdi. Üsyan taxıl möhtəkirliyinə qarşı yönəlmişdi. Zeynəb paşa Təbrizin yoxsul qadınlarını ətrafına toplayaraq taxıl möhtəkirlərinin anbarlarına hücum etdi. Taxıl anbarlarını açdırıb taxılı aclıq çəkən ailələrə pulsuz payladı. Tarixi sənədlərdə adı “Bibi Şah Zeynəb” və “Zeynəb Bacı” olaraq da keçən Zeynəb Paşa Nəsirəddin şah Qacarın dövründə baş verən Tənbəki üsyanının Azərbaycandakı liderlərindən biri idi. Zeynəb Paşa ilə yanaşı mübarizə aparan Yüzbaşı Xavər, Nayıb Külsüm, Fatma Nisa, Atlı Şah Bəgüm, Sultan Bəgüm, Xeyrünnisa və Mah Bəgüm kimi qəhrəman qadınların adları tarixdə keçir.



Әlaqәli Xәbәrlәr