Ankarada, TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirildi

Fevralın 14-də Ankarada, TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirildi.

910770
Ankarada, TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirildi

Fevralın 14-də Ankarada, TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirildi.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının arxiv fondundan böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim Qara Qarayevin əsərlərindən, musiqi ədəbiyyatından və əsərlərinin disklərindən ibarət kitab sərgisi nümayiş etdirildi. 

Açılış mərasimi dahi sənətkarın həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başladı.

TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov, görkəmli bəstəkar, UNESCO-nun sülh artisti, Azərbaycan Respublikasının Xalq Artisti, Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirov, Əməkdar İncəsənət Xadimi, Qazi Universitetinin müəllimi, professor Əflatun Nemətzadə və başqaları mərasimdə çıxış etdilər.

Sonda Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış tammətnli “Qara Qarayev-100” adlı elektron məlumat bazası kitabxananın baş mütəxəssisi, Əməkdar Mədəniyyət İşçisi Gülbəniz Səfərəliyeva tərəfindən tədbir iştirakçılarına təqdim edilib.

Tammətnli elektron məlumat bazası 11 hissədən ibarətdir.

Tədbirin sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov dahi bəstəkarın portretini, Qara Qarayevin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış, görkəmli bəstəkarın musiqi əsərləri yazılmış 5 audio diski TÜRKSOY-a hədiyyə edib.

Ankarada Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir bugün Qazi Universitetində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr Sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur.

Qara Qarayev Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərindən biridir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formaları ilə son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər yaradıb.

2018-ci il TÜRKSOY tərəfindən “Qara Qarayev ili” elan olunub.

azertag.az



Әlaqәli Xәbәrlәr