"Türkiyədə, türk dilində, türk ulduzları ilə film çəkəcəyik", A.Abramov (audio)

Bu gün bir qisım filmləri dövlət maliyyələşdirir, digər böyük qisim isə sponsorların ümidinə qalır. Sponsorun da filmin mövzusunu bəyənib-byənməməsinə bağlı olur pul ayırması. Mövzuyla bağlı rejissor Asif Abramov danışır.

905402
"Türkiyədə, türk dilində, türk ulduzları ilə film çəkəcəyik", A.Abramov (audio)

  Azərbaycanın, sözün əsl mənasında, kino məktəbi olub. Amma sovet dövründə bütün bədii, sənədli, televiziya filmlərinin, indiki dillə desək, sponsoru dövlət maliyyəsi isi. İndi isə bir qisım filmləri dövlət maliyyələşdirir, digər böyük qisim isə sponsorların ümidinə qalır. Sponsorun da filmin mövzusunu bəyənib-byənməməsinə bağlı olur pul ayırması.

  Azərbaycanın televiziya, serial, klip və kino rejissoru Asif Abramov mövzuyla bağlı eksklüziv olaraq “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytının əməkdaşı Sevda Mirzəyə danışdı.  

  Müsahibimizdən soruşduq: “Sizi kinoya nə gətirdi? İllərin veriliş, klip və film rejissoru kimi bu gün sponsor çətinliyini keçə bilirsinizmi?”

  Asif Abramov:  

- Məni kinoya, televiziyaya nə gətirib? Uşaqlıqda hər kinoya baxandan sonra o filmdən hansısa epizodu və kadrları canlandırmağa çalışırdım. Tarixi filmdirsə, məsələn, müşketyorlar və hansısa qəhrəmanlarla bağlıdırsa, özümçün tapança, xəncər düzəldirdim. Anamdan, nənəmdən xahiş edirdim ki, mənə kostyumlar tiksinlər. Hərdən parça yox, kağızdan belə düzüb-qoşurduq, paltar hazırlayırdıq. Və mən o filmlərdən o səhnələri canlandırmağa çalışırdım. Sonra mənimçün bir fotoaparat aldılar. O zaman video-kamera yox idi. O fotoaparatla çalışırdım hansısa epizodlar çəkim. Dalbadal çəkirdim, sonra o şəkilləri çıxarıb yanbayan qoyurdum, təsəvvür edirdim ki, bu, kinoplyonkadır, kinodur. Çox istəyirdim ki, kino sənətiylə məşğul olum.

  Mən Xaçmaz rayonunda böyümüşəm. Orta məktəbi də orada bitirmişəm. Bir gün Xaçmaza Bakıdan Azərfilmdən kino çəkənlər gəldi. Yadımdadır, Hüseyn Mehdiyev “Süd dişinin ağrısı” filmini çəkirdi. Sonralar mən Hüseyn bəylə yaxından tanış oldum. Onun oğlu ilə - Nadir Mehdiyevlə isə hal-hazırda da dostam. Hüseyn Mehdiyevin filmində mən baş qəhrəmanın dostlarından birini oynadım. Çox xoşuma gəldi. Necə oldu bu? Onlar Xaçmazda mehmanxanada yerləşmişdilər. Mən bunu biləndən sonra bir məktub yazdım. Filmin ikinci rejissoru Rövşən Həsənov idi. O, məni çağırdı ki, “Gəl, bu çox yaxşı arzudur. Qoymarıq ki, bu arzu sənin ürəyində qalsın. Gəl, çəkil, bəlkə gələcəkdə sən doğrudan da arzuladığın kimi bir rejissor olarsan”. Beləliklə, bu filmə çəkildim.

  Böhran dövrü başladı. SSRİ dağılandan sonra kino çəkilmədi, teatrlar bərbad vəziyyətə düşdü. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsilə, incəsənətə, kinoya dəstək verməsilə maraq yenidən bərpa olundu. Azərbaycan kinosu, teatrı, bir sözlə, incəsənətimiz təzədən inkişaf etməyə başladı. Bir neçə il əvvəl də bizim hörmətli prezidentimiz İlham Əliyev tərəfindən seriallara yaşıl işıq yandı və telekanallar üçün serial istehsalı başladı.

  Mən o zaman Türkiyədən yeni qayıtmışdım. Lider kanalından dəvət etdilər, ssenari istədilər, mən də hazırlayıb təqdim etdim. İlk olaraq “Muradına çatan Günəş” serialımı Lider kanalı üçün çəkdim, çox bəyəndilər. Ondan sonra “Qisas” serialını çəkdim, Tahir Kazımovun eyniadlı romanı əsasında. Siz bunu çox gözəl bilirsiniz, çünki bu işin içində idiniz, ssenari müəllifi idiniz. Serial tamaşaçılar tərəfindən çox sevgiylə qarşılandı.

  Hər bir rejissorun ürəyində bir arzusu var. Düzdür, sənədli filmlər, seriallar, klip sifarişləri olur. Amma hər rejissor bədii film çəkmək istəyir. Mənim də tammetrajlı film çəkmək arzum var. İndi bir ssenari üzərində işi bitirmişik. Türkiyədə, türk dilində, türk ulduzları ilə film çəkmək istəyirik. Bu filmin adı “Kaderimin rengi”dir (Taleyimin rəngi). Ssenarini bizim çox istedadlı gənc yazar Orxan Bahadırsoyla birlikdə yazıb-bitirmişik. İstərdik bu film alınsın. Alınması üçün də sponsor, pul, vəsait lazımdır. Bizim koordinator Vüsal Əhmədovla birgə filmə, əsasən də Türkiyədə sponsor axtarırıq. Ssenarini Türkiyə film istehsalçılarına göndərdik, çox bəyəndilər. Türkiyə aktyorları ilə də çəkiləcəyi üçün əminik ki, film Türkiyə bazarında da özünə yaxşı yer tuta biləcək. Ümid edirik ki, sponsor tapılacaq.       

     



Әlaqәli Xәbәrlәr