Azərbaycan Milli Teatr gününüz mübarək

10 mart Azərbaycan mədəniyyət tarixində çox gözəl və şərəfli gündür.

688504
Azərbaycan Milli Teatr gününüz mübarək

  Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Bununla professional Azərbaycan Milli teatrının, başqa sözlə, Akademik Milli Dram Teatrının (AMDT) bünövrəsi qoyulub.

  H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

  Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda aktyor kimi çıxış edirdilər. Şuşada da qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyilə yay tətilləri zamanı klubda və teatrda müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını oynayırdılar.

  Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrı, Birləşmiş Dövlət Teatrı, Azərbaycan Türk Dram Teatrı və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşımışdır.

  Azərbaycan klassikləri və müasirlərinin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, C.Məmmədquluzadənin və bir çox başqa yazıçıların yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini qoruyur.

  Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc Tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

  Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur. Bu mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır.

  Azərbaycan mədəniyyət tarixində çox gözəl və şərəfli gün olan 10 mart Azərbaycan Teatrının 144 yaşı münasibətilə bütün dramaturqları, aktyorları, rejissorları, rəssamları, teatrda çalışan hər kəsi, o cümlədən, bütün teatrsevərləri TRT “Türkiyənin səsi” radiosu adından təbrik edirik. 



Әlaqәli Xәbәrlәr