Vaqifin 300 illik yubileyi Ankarada

Molla Pənah Vaqif Xatirə İli Açılışı Ankarada TÜRKSOY-un ana binasında 2 martda saat 14.00-da olacaq. Açıq dəvətdir, xüsusi dəvətnaməyə ehtiyac yoxdur, yəni hər kəs gələ bilər.

681847
Vaqifin 300 illik yubileyi Ankarada

  TÜRKSOY 2017-ci ildə hər ay bir dahi yada salmaq üçün yeni layihəyə başlayıb. TRT “Türkiyənin səsi” saytına TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı eksklüziv olaraq məlumat verdi.

  Elçin Qafarlı, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi: “2017-ci ilin yanvarından başlayaraq hər ay ümumtürk dünyasının görkəmli şəxsiyyətlərindən biri yada salınır, böyük və tanınmış simalar konfrans, panel və simpozium tədbirlər silsiləsilə xatırlanır. Bu tədbirlərin birincisini biz yanvar ayında keçirdik, Hoca Əhməd Yəsəviyə həsr etdik. İkinci belə tədbirlər sırasında türk dünyasının böyük şairi Şəhriyar var idi ki, Ankarada TÜRKSOY-ın baş ofisində onun həyat və yaradıcılığından bəhs edən ədəbi-bədii konfrans keçirildi. Paytaxt Bakıdan Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Elman Quliyev gəldi, konfransı apardı. Cənubi Azərbaycandan olan bağlama saz ifaçısı Yanar Sönməz oxudu. Gənclər şaiirn şeirlərini söylədi.   

  Keçən il Türk Dünyası Mədəniyyət Paytaxtı olan Azərbaycanın Şəki şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirildi və qərara alındı ki, 2017-ci il “Molla Pənah Vaqif ili” olsun. Bu qərar Azərbaycan şairinin bu il qeyd olunacaq 300 illik yubileyilə əlaqədar qəbul edildi.

  Molla Pənah Vaqif Xatirə İli Açılışı Ankarada TÜRKSOY-un ana binasında 2 martda saat 14.00-da olacaq. Açıq dəvətdir, xüsusi dəvətnaməyə ehtiyac yoxdur, yəni hər kəs gələ bilər.

  Tədbirdə Vaqifin əsərlərindən ibarət sərgi nümayiş olunacaq. Onun “Durnalar” şeirinə bəstələnmiş mahnı ifa ediləcək, şeirləri oxunacaq. Natiqlərin çıxışlarından sonra Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs edən film göstəriləcək.  

  Xatırladaq ki, Molla Pənah Vaqif (1717-1797) 18-ci əsrin məşhur Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olub. Azərbaycan Respublikasının Qazax şəhərində dünyaya gəlmiş Pənah Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.

  Pənah yaxşı təhsil almışdı. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. Vaqif əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdı. Bu zaman onun alimliyi haqqında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz".

  Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasara, oradan da Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edirlər. Vaqifin dərin ağıl və zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir. O, əvvəlcə eşik ağası, yəni daxili işlər naziri, daha sonra isə baş vəzir olur. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi təxəllüs olaraq Vaqif  - “hər şeyi bilən” adını götürür.

  Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olmuşdur. Məlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır.

  Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir. O, öz əsərlərində həyat eşqini, məşuqəsinin gözəlliyini, hicranın acısını və vüsalın şirinliyini inandırıcı bir tərzdə tərənnüm edir. Şair öz əsərlərinin bütöv bir qismini Azərbaycan gözəllərinin təsvirinə həsr edib.

 

 



Әlaqәli Xәbәrlәr