“Soyuq” filmi Güney Azərbaycanlılara istilik gətirdi

Təbrizdə Azərbaycan türkcəsində çəkilən "Soyuq" kinosu İranın Uşaq Filmləri Festivalında bir neçə yüksək mükafata layiq görüldü.

665132
“Soyuq” filmi Güney Azərbaycanlılara istilik gətirdi

  Ərk qardaşları çəkdikləri “Soyuq” filminə görə “Ən yaxşı rejissor” nominasiyası üzrə İranın Uşaq Filmləri Festivalının mükafatını qazandılar, Nəsrin Muradi isə “Ən yaxşı qadın rolu”na görə mükafat aldı.

  Bəhram və Bəhmən Ərkin rejissoru olduqları və Azərbaycanca çəkilən "Soyuq" kinofilmi fevralın 2-də İranın Şərqi Azərbaycan Əyalətinin baş şəhəri Təbrizin 22 Bəhmən - Naci kinoteatrında pulsuz olaraq nümayiş etdirildi.

  Filmin nümayişi haqqında məlumatı yerli qəzet və İranın xəbər agentlikləri yayıb.

  İranda uşaqlar üçün Azərbaycan türkcəsində çəkilmiş ilk uzun metrajlı film olaraq təqdim edilən 86 dəqiqəlik “Soyuq” filmində ailəsinin yoxsulluğu üzündən stress altında olan bir məktəbli uşağın hekayəsindən bəhs edilir.

  Yarı rəsmi “Mehr” agentliyinin məlumatına görə, Təbrizdə çəkilmiş "Soyuq" filmi İranın Uşaq Filmləri Festivalında “Ən yaxşı rejissor işi” (Bəhram və Bəhmən Ərk) və “Ən yaxşı qadın rolu” (Nəsrin Muradi) kateqoriyaları üzrə mükafatlardan başqa həm də “Münsiflər Heyətinin Xüsusi mükafatı”nı alıb.

  "Soyuq" filminin Təbriz kinoteatrında göstərilməsi Güney Azərbaycanlıların sevinci və qüruruna səbəb olub.



Әlaqәli Xәbәrlәr