“O olmasaydı, bilmirəm olardımmı?” T.Erdener

Ankarada “Sevda – Cenap And Müzik Vakfı”nın 29-cu Fəxri Mükafatı Qızıl Medalının (Onur Ödülü Altın Madalyası) bəstəkar və müəllim Turqay Erdenerə təqdimetmə mərasimi oldu.

625780
“O olmasaydı, bilmirəm olardımmı?” T.Erdener

  Son dövr müasir unversal türk sənət musiqisi bəstəkarlarının ilk və qabaqcıl nümayəndəsi, çağdaş musiqi janrlarını xüsusi məharətlə işləyən, özünəməxsus əsərlər yaradan, bu yolda özündən sonra da bəstəkarlar yetişdirən bəstəkar və müəllim Turqay Erdeneri tanıyan hər kəs onu təbrik etməyə gəldi.

  Açılış nitqində Turqay Erdenerin həyat və yaradıcılığından bəhs olunduqdan sonra bəstəkara “Sevda – Cenap And Müzik Vakfı”nın 29-cu Fəxri Mükafatı Qızıl Medalı təqdim olundu.

  T.Erdener çıxışında dedi: “Mənə dəyər verdiyinizə görə təşəkkür edirəm. Amma mən çox danışa bilmirəm, xasiyyətimdir. Təkcə onu deyə bilərəm ki, musiqi mənim həyatımda nədirsə, onu yaradan bir ilham mənbəyim də həyat yoldaşım Selva Erdenerdir”.

  Təqdimatdan sonra bəstəkarın əsərlərindən ibarət konsert proqramı oldu. Pianoçu Cem Babacan “Cebeci monoloqları”nı, simli kvartet “Simli çalğılar üçün musiqi”, Burak Tüzünün dirijorluğu ilə Hacettepe Universiteti Simfonik Orkestri və Çiğdem Aytepenin rəhbərliyilə Ertuğrul Oğuz Firat xorunun ifasında “Gölə yas” kompozisiyası səsləndi.

 Konsertə rəng qatan ifalardan biri də Əhməd Baranın simfonik orkestr tərkibində solo kanon ifası oldu.

  Bəstəkar Turqay Erdenerin həyat yoldaşı və vokal sənətçisi Selva Erdener də konsert proqramında onun simfonik əsərlərindən parçalar ifa etdi.

 

  Bəstəkarın “Afife” baletindən, o cümlədən digər əsərlərindən səslənən musiqilər gələnlərin gurultulu alqışlarını qazandı.

  Tədbir-konsert proqramı kokteyllə başa çatdı.

  Qeyd edək ki, Turqay Erdener 1957-ci ildə Türkiyənin Gümüşhane şəhərinin Bağlarbaşı məhəlləsində dünyaya gəlib.

  1968-ci ildə Ankara Dövlət Konservatoriyasının pianino bölümünə girərək Kamuran Gündemirdən piano, İlhan Barandan solfecio dərslərini alıb. Sonra konservatoriyasının bəstəkarlıq bölümünü bitirib, elə orada da müəllim kimi fəaliyyət göstərib.  
  T.Erdener özünə qədər olan bəstəkarların yolunu təkrarlamaq yolunu seçməmiş, Türkiyə klassik musiqisinə yenilik gətirmişdir. O, balet, operetta, orkestr, bədii və sənədli film üçün musiqilər yaratmış, gitara, pianino və simli alətlər üçün əsərlər yazmışdır.          



Әlaqәli Xәbәrlәr