“Üçüncü günün adamı”

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanfilm kinostudiyasında ekranlaşdırılan “Üçüncü günün adamı” adlı tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

590161
“Üçüncü günün adamı”

  Azərbaycan Respublikası vətəndaşı Yusif Şeyxovun ssenarisi əsasında çəkilən filmin rejissoru İranın Azərbaycan vilayətinin vətəndaşı Babək Şirinsifətdir.

  Ərdəbil şəhərində doğulan rejissor Babək Şirinsifət 2006-cı ildə “Rami” filmiylə kino dünyasına ayaq basıb. “Üçüncü günün adamı” kinofilmi ilə bağlı rejissor bu sözləri deyib: “Bu film Güney və Quzey Azərbaycanın ortaq istehsalı olaraq əsrin böyük soyqırımlarından olan Qarabağ hadisələrindən birini əks etdirir”. 

  Film Kəlbəcər rayonundan olan şəxsin Qarabağ hadisələri ərəfəsində müəyyən səbəblərə görə həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs edir.

  Psixoloji dram janrında çəkilən filmin quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

  Filmdə rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki, Zarina Qurbanova və digərləri canlandırır.

  Qarabağ haqqında həqiqətləri ekrana gətirməyi qarşısına məqsəd qoyan yaradıcı heyət çəkilişləri Bakı, Gəncə, Şəki, İsmayıllı, Lahıc və digər bölgələrdə edib.

  Ekran əsərinin premyerası yaxın vaxtlarda gerçəkləşəcək.



Әlaqәli Xәbәrlәr