Azərbaycanlı sənətkar Türkiyənin ən böyük teatrında

Məlahət Abbasova İstanbul Bələdiyyəsinə bağlı Şəhər Teatrları Bədii rəhbərinin müavini təyin edilib

444318
Azərbaycanlı sənətkar Türkiyənin ən böyük teatrında

Bu barədə APA-ya məlumatı Azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova özü verib. Şəhər Teatrlarının fəaliyyətinin gücləndirilməsi planları çərçivəsində bu vəzifəyə gətirilən Məlahət Abbasova verdiyi açıqlamada ona göstərilən etimaddan çox məmnun olduğunu bildirib. Təyinata görə İstanbul Bələdiyyəsi Mədəniyyət İdarəsinin rəisi Əbdürrəhman Şənə İstanbul Şəhər Teatrlarının müdiri Saleh Əflioğluna və bədii rəhbəri Süha Uyğura təşəkkürünü bildirən azərbaycanlı sənətkar deyib: "Avropa və Asiya qitələrinin ən böyük sənət ocaqlarından biri olan İstanbul Bələdiyyəsi Şəhər Teatrlarının 7 salonu, 1000-dən artıq əməkdaşı var. Bu cür mötəbər bir sənət ocağında bədii rəhbəri müavini kimi məsul vəzifəyə təyin edilməyimi 25 ildən bəri bu qurumda çəkdiyim zəhmətə verilən mükafat kimi qiymətləndirirəm. Qurumda fəaliyyət göstərən yeganə azərbaycanlının məsul vəzifəyə təyin edilməsi də önəmli hadisə sayılmalıdır. Şəhər Teatrlarının əməkdaşları ilə daim hərarətli münasibətlərimiz olub, məni burada hamı sevib, mən də öz işimə hər zaman məsuliyyətlə yanaşmışam. İstanbul Bələdiyyəsi Şəhər Teatrlarının fəaliyyətini daha da gücləndirməyimiz üçün əlimdən gələn hər şeyi edəcəyəm".

Şəhər Teatrlarındakı stajı nəzərə alınaraq ən yüksək məmur statusu qazandığını da sözlərinə əlavə edən Məlahət Abbasova indiyə qədər olduğu kimi bundan sonrakı fəaliyyətində də həmçinin Azərbaycan dramaturgiyasının önəmli əsərlərinin Şəhər Teatrlarında tamaşaya qoyulmasında fəal iştirak edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr