"Ağır şəraitdə mən çox çətin bir imtahandan keçməli oldum" (video-müsahibə)

"Türkiyənin səsi" radiosu və TRT/Azerbaycan saytının qonağı TRT Poliklinikasının azərbaycanlı həkimi Pakizə Səməddir

1436848
"Ağır şəraitdə mən çox çətin bir imtahandan keçməli oldum" (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı): TRT “Türkiyənin səsi” və TRT/Azərbaycan saytının qonağı TRT-nin Ankaradakı Poliklinikasının ən uzun il baş həkimi olmuş, hal-hazırda da bu poliklinikanın həkimi olan Pakizə xanım Səməddir.

  Dünyada iki müqəddəs peşə var: müəllimlik və həkimlik. Müəllim mənəvi, həkim isə fiziki varlığımızın qoruyucusudur. Bununıa belə belə bir deyim də var ki, Allah heç kəsi həkimə möhtac eləməsin. Nə qədər desək də, insanın hər yaşda həkimə bir neçə dəfə işi düşür. Bu gün də bizim həkimə işimiz düşüb.

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): Öncəliklə bütün Azərbaycana Türkiyədən salamlarımızı söyləyək. Məni dəvət etdiyiniz üçün sizə, TRT kollektivinə və TRT Xarici Yayımlar Radio Departamenti (TRT Dış Yayınlar Daire Başkanlığı) rəhbərliyinə təşəkkürümü bildirirəm.

Sevda Mirzə (aparıcı): Pakizə xanım, söhbətə sizin Azərbaycandan Türkiyəyə gəlişinizdən başlamaq istərdim. Necə gəldiniz və necə gördünüz Türkiyəni?

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): Biz ailəcə 1996-cı ildə Türkiyəyə gəldik. Həyat yoldaşımı buradakı universitetə işləməyə dəvət etdilər. Türkiyəyə yola düşərkən “Bir xarici ölkəyə dedirəm” düşüncəsi var idi məndə. Görəsən, necə ölkədir, nə olacaq, necə olacaq deyə?

Sevda Mirzə (aparıcı): Çünki əksəriyyət sovetlər dövründə sərhədləri aşıb heç bir ölkəyə gedə bilməmişdi. 15 respublika vətəndaşları yalnız bir-birinə gedirdi, amma ortada sərhəd yox idi, bir ölkə idik.

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): Bəli. Sərhədi keçdik. İğdırdan gəlirdik. Yol boyu elə ilk baxışdaca mən elə bir fərq hiss etmədim. “Başqa yad ölkə” fikri yaranmadı məndə. Hər şey mənə eyni göründü, havasından tutmuş danışığa qədər. Sanki ikinci vətənimə gəlirdim. Həqiqətən də “Bir dövlət, iki millət”ik. Burada da hörmət gördük. Dövlət xəstəxanalarında çalışdım. Heç bir ayrı-seçkilik görmədim. İşimlə bağlı da ən yaxşı şəkildə xidmət göstərmək üçün hər şərait yaradırdılar. TRT-də eyni şeylər oldu. Mən Türkiyəyə təşəkkür edirəm. Öz ölkəmdəki kimi işlədim, davam edirəm, xidmət göstərirəm.

Sevda Mirzə (aparıcı): Türkiyədə yoldaşınız və siz çalışdınız, üç uşağınızsa təhsil aldı. Hətta o qədər qaynayıb-qarışdınız ki, Türkiyədən bir gəlininiz də oldu.

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): Bəli, uşaqlarım burada oxudu və çox şükür, üzümüzü ağ etdilər: doktoqluq işi müdafiə edən də var, magistratura da. Hal-hazırda çalışırlar. Gəlinimizdən də çox məmnunuq.

Sevda Mirzə (aparıcı): Pakizə xanım, siz Türkiyəyə gəldiyiniz zaman həkim olaraq işinizi davam etdirmək üçün bir sıra imthandan keçməli olmusunuz, sonra xəstəxanda çalışa bilmisiniz. Bəs necə oldu TRT-yə gəldiniz?

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): TRT üçün həkim vakansiyası elan olundu. Mən də müraciət etdim. Qəbul olundum. Göndərmə (atama) işləri görüldü. TRT Türkiyənin ana yayım qurumudur. Burada çalışmaq mənim üçün çox qürurvericidir. İşə başladığım zaman da həmkarlarım tərəfindən yaxşı, mehriban qarşılandım. Hətta gəldiyim 3-4 içində mənə baş həkimlik təklif etdilər. TRT-ni həqiqətən çox sevdim. Çox böyük də kollektivi var.

Sevda Mirzə (aparıcı): TRT-nin Ankara, İstanbul, İzmir və bir sıra şəhərlərində olmaqla, bütövlükdə təxminən 10 min işçisi var.

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): Əvvəllər həkim sayı az idi, işlərimiz daha ağır idi. Sonra TRT-nin işçi çoxluğunu nəzərə alaraq həkimləri artırdılar, yaxşı oldu.

Sevda Mirzə (aparıcı): Deyirlər ki, həkim üçün xəstə xəstədir, işinə-gücünə baxmadan. Amma TRT-nin xəstələri hamısı dövlət məmurudur. Siz bir fərq hiss edirsinizmi münasibət qurarkən?

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): Əlbəttə. TRT yaşlı bir radio-televiziya qurumudur. Biz xəstəxana deyil, poliklinika olduğumuz üçün çox ağır xəstələri qəbul etmək imkanımız yoxdur. Amma gələn bütün xəstələrlə çox gözəl münasibət qurulur, mədəni həkim-xəstə dialoqları alınır. Onlarla danışmaq, onları müayinə etmək, inanın, insana rahatlıq verir. Müalicə etdikcə, nəticələrini gördükcə sevinirəm. Səviyyəcə daha yüksək, təhsilli, oxumuş insanların çalışdığı bir kollektiv olduğu üçün çox məmnunam. Bir də qurum həkimi olduğumuz üçün bu xəstələri tez-tez görürük. Ailə üzvləri də bizdə müalicə ala bildiyi üçün yaxınlarını da tanıyırq, səmimi münasibətlər dostluqlara belə çevrilir. TRT Poliklinikasından fərqli olaraq xəstəxanada eyni xəstəni çox az görürsən. Bizdə isə mən xəstəni görən kimi az qala bütün xəstəliklərini əzbər bilirəm, müalicədə xroniki ardıcıllığı təqib etmək olur. Bu da, məncə, qurum həkimliyinin bir avantajıdır.

Sevda Mirzə (aparıcı): Siz Azərbaycanın ən gözəl guşələrindən biri olan Şəkidə dünyaya gəlmisiniz. Şəki deyən kimi biz azərbaycanlıların üzündə bir təbəssüm yaranır, çünki Şəki həm də öz lətifələrilə məşhurdur. Amma mən sizi tanıdığım bu illər ərzində heç sizdən bir Şəki lətifəsi eşitmədim. Bəlkə də bu həkimlik sənətinin ciddiyyətindən irəli gəlir. Bununla belə üzünüzdə, simanızda bir şəkili mimikası, təbəssümü və xoşluğu var.

  Siz Şəkidən Bakıya gəldiniz və burada Azərbaycan Dövlət Tibb Universitetində oxudunuz. Türkiyədə çalışan orta nəsil azərbaycanlı həkimləri əsasən Azərbaycan Dövlət Tibb Universitetinin yetirmələridir. Sonrakı, yəni gənc nəsil isə daha çox Türkiyə tibb universitetlərinin məzunlarıdır. Bu gün artıq siz özünüz tibbi seminarlarda təkmilləşdirmə mühazirələri söyləyirsiniz.

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): Mənim həyat belədir. O zaman - Sovetlər dövründə Bakıda texniki iki internat məktəbi var idi: biri fizika-riyaziyyat, digəri kimya-biologiya təmayüllü. Mən uşaqlıqdan həkim olmağı arzulayırdım. Qohumlarımızdan biri kimya-biologiya təmayüllü o məktəbə getdi, oxudu, əlaçı oldu, sonra Azərbaycan Dövlət Tibb Universitetini qazandı, həkim işlədi. Mən onu həyatımın idealı seçdim, dedim: “Mütləq mən də bu yolu gedib həkim olacağam”. Orta məktəbin 8-ci sinfini bitirəndə atam və anam məni imtahana Bakıya apardılar. Yolda atam mənə dedi: “Bax, narahat olma, imtahana girərsən, özünü sınayarsan, olmasa, gəlib Şəkidə təhsilinə davam edərsən.” Bu sözlərdən sonra Bakıya qədər ağlamışdım, alınmazsa, mən Şəkiyə qayıdacaq və həkim ola bilməyəcəkdim deyə. İmtahana girdim. O vaxt respublikanın hər yerindən o məktəbdə oxumaq üçün gəlirdilər, uşaq çox olurdu, imtahandan keçmək çətin idi. Amma keçə bildim, oxudum, bitirdim, amma 2 il tibb universitetini qazana bilmədim, konkursa düşürdüm. Universitetə üçüncü il girə bildim, qurtardım, Bakıda bir poliklinikada işə başladım. Amma o zaman heç düşünə bilməzdim bir gün Türkiyəyə gələcəyimi və burada çalışacağımı. Bu da bir qismətdir.

  Türkiyəyə gəldikdən sonra bir müddət işləyə bilmədim, çünki “denglik sınavı” deyilən bir imtahanı keçməliydim. Hazırlaşdım, o imtahanı keçdim. Amma düşünün, o zaman 41 yaşım və üç uşağım var idi. Onlar oxuyurdu. Uşaqları məktəbə aparıb-gətirmək, dərsləri ilə məşğul olmaq, həyat yoldaşım, ailəyə xidmət və s. kimi çox işlər var idi. Və belə bir ağır şəraitdə mən çox çətin bir imtahana hazırlaşmalı oldum. Bu imtahanı verdikdən sonra müraciətlər etdim, işə qəbul olundum, xəstəxanada çalışdım. Artıq 15 ildən də çoxdur ki, TRT Poliklinikasında həkim işləyirəm. Allah sağlıq versin, davam etdirəcəyəm.

Sevda Mirzə (aparıcı): Biz həyatımızın müəyyən dövrünü çalışır və sonra, qismət olarsa, təqaüdə çıxırıq. İnsan yaşa dolduqca doğulduğu yer çağırır sanki. Sizdə də belə bir hiss varmı?

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” deyiblər. Əlbəttə ki, nəsib olarsa, təqaüdə çıxdıqdan sonra mən Şəkidə yaşamağı çox istəyirəm. Şəki, onun təbiəti, insanları bir başqadır.

Sevda Mirzə (aparıcı): Türkiyədə uzun illər çalışıb təqaüdə çıxandan sonra azərbaycanlıların bir qismi ölkəni tərk etmir, aldığı evdə yaşayır, bir qismi dənizi olan digər şəhərə köçür, digər qismi isə Azərbaycana qayıdır. Bu dəfə də başqa bir hiss yaranır: Azərbaycanda yaşayıb uzun illər çalışdıqları Türkiyə üçün darıxırlar. Bu zaman iki Vətən anlayışı çıxır ortaya.

Pakizə Səməd (TRT Poliklinikasının həkimi): Doğrudan da belədir. İnsan bir yerdə 1-5 il yaşayanda getməsi daha asan olur. Amma biz 20 ildən artıqdır buradayıq və elə indidən bilirik ki, Türkiyədən ayrılmaq bizə çox çətin olacaq. Mənim övladlarım isə Azərbaycanda yaşamağı təsəvvür etmirlər, çünki onların uşaqlıqları, gənclikləri burada keçib, öyrəşiblər. Bizdən fərqli olaraq, Türkiyə onlar üçün birinci, Azərbaycan ikinci Vətən olub.

Sevda Mirzə (aparıcı): Doğrudan da Azərbaycan və Türkiyə iki elə respublikadır ki, birinin vətəndaşı digərində özünü qərib hiss etmir. Amma Azərbaycan və ya Türkiyədən dünyanın başqa istənilən ölkəsinə gedən özünü qərib hiss edir.                                           



Әlaqәli Xәbәrlәr