Türkiyənin Rizə-Artvin Hava Limanı fəaliyyətə tam hazırdır

Bura Ordu-Giresun aeroportundan sonra Türkiyədə və Avropada istifadəyə verilən dəniz üstündə tikilmiş ikinci nəhəng hava limanıdır

1824113
Türkiyənin Rizə-Artvin Hava Limanı fəaliyyətə tam hazırdır

 

  Türkiyədə yeni tikilən Rizə-Artvin Hava Limanı fəaliyyətə tam hazırdır. Aprelin 14-də həyata keçirilən ilk texniki test uçuşu uğurla başa çatıb. Bura Ordu-Giresun aeroportundan sonra Türkiyədə və Avropada istifadəyə verilən dəniz üstündə tikilmiş ikinci nəhəng hava limanıdır.

  Rizə mərkəzindən 34 və Artvindən 125 kilometr məsafədə yerləşən, müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

  Ümumi sahəsi 2 milyon 800 min kvadratmetr olan Rizə-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

  Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də qoyulan Rizə-Artvin Hava Limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daş tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Bu hava limanının nə üçün dənizin üstündə tikilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rizə-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensiallardan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının qurulması, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilişi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

  Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rizə-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə turizm daşımaları üçün böyük imkanlar yaradır.



Әlaqәli Xәbәrlәr