“Macarıstan Rusiyadan qaz və neft nəqlinə dair sanksiyalara səs vermir”, P.Siyarto

Siyarto deyib: "Macarıstan sabitlik və sülh tərəfdarıdır. Biz Avropa İttifaqının hər cür sanksiya paketlərində iştirak etdik, amma hər zaman Aİ-nin haqsız ittihamları ilə üzləşirik"

1821770
“Macarıstan Rusiyadan qaz və neft nəqlinə dair sanksiyalara səs vermir”, P.Siyarto

 

  Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto (Peter Szijjarto) Rusiyadan ölkəsinə qaz və neft nəqlini məhdudlaşdıracaq sanksiyalara səs vermədiklərini bildirib.

  Nazir Qazaxıstan səfəri zamanı həmkarı Muxtar Tileuberdi ilə təkbətək və heyətlərarası görüş keçirib.

  Sonra təşkil edilən mətbuat konfransında Peter Siyarto qazaxıstanlı nazirlə ikitərəfli əməkdaşlıq və Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

  Ukrayna ilə qonşu olduqlarını və bu ölkədəki vəziyyətin Macarıstanın milli təhlükəsizliyinə təhdid yaratdığını vurğulayan Siyarto deyib: "Macarıstan sabitlik və sülh tərəfdarıdır. Biz Avropa İttifaqının hər cür sanksiya paketlərində iştirak etdik, amma hər zaman Aİ-nin haqsız ittihamları ilə üzləşirik.

  Macarıstanın neftə olan tələbatının 65%-i Rusiya tərəfindən təmin olunur. Açıq deyirik ki, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi bizdən konkret addımlar tələb edir. Ona görə də biz Rusiyadan Macarıstana qaz və neft nəqlini məhdudlaşdıracaq sanksiyalara səs vermirik. Bu, siyasi bir qərar deyil, şübhəsiz ki, ölkəmizin enerji təhlükəsizliyinə aid məsələdir. Çünki indiki mərhələdə Rusiya nefti olmadan iqtisadiyyatımızın rahat işləməsinə təminat verə bilmərik”.

  Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi də Rusiyaya qarşı sanksiyaların iki ölkənin iqtisadi və ticarət əməkdaşlığına mənfi təsir etdiyini söyləyərək "Macarıstanla ticarət və iqtisadi əlaqələrimizdə, xüsusən də tranzit və yük daşımalarında bir sıra çətinliklər yaşayırıq" deyib.

  Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto səfəri çərçivəsində Qazaxıstan prezidenti Kasım Cömert Tokayev tərəfindən də qəbul edilib.



Әlaqәli Xәbәrlәr