Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsindən 15 il ötür

Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Qars dəmiryolu xətti dəmiryolu layihəsidir.

1674759
Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsindən 15 il ötür

Bakı-Tbilisi-Ceyhan boru xətti — Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəmərdir. Uzunluğu 1768 kilometrdir. Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə (86,36 santimetr) enir.
1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" adlanan müqavilə imzalandı.

ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

Bakı-Tbilisi-Ceyhan boru xətti Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. 2006-cı ilin iyunundan cari ilin birinci rübünün sonunadək BTC ilə nəql olunan xam neftin ümumi həcmi 482 milyon tonu (təxminən 3,62 milyard barrel) ötüb. Bütün bu həcmlər ümumilikdə 4729 tankerə yüklənərək Ceyhan terminalından təhlükəsiz şəkildə dünya bazarına yola salınıb.

İstismara verildiyi 2006-cı ildə BTC ilə 57 milyon 78 min barrel neft nəql olunub. 2010-cu ildə kəmərlə illik nəqletmə ən yüksək göstəriciyə - 286 milyon 214 min barrelə çatıb. 2019-cu ildə Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə təqribən 31 milyon ton, yəni 233 milyon barrel xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 296 tankerə yüklənib.

Cari ilin ilk 3 ayında BTC ilə təqribən 6,7 milyon ton və ya 51 milyon barrel xam neft ixrac olunub, həmin neft Ceyhan limanında 70 tankerə yüklənib. Yanvar-may aylarında isə Azərbaycandakı magistral neft kəmərləri nəqletmənin 75,6 faizi Bakı–Tbilisi–Ceyhan kəməri ilə həyata keçirilib və bu kəmərlə 11 milyon 124,8 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 1 milyon 523,3 min ton tranzit nefti də ötürülüb.

BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. 2013-cü ilin oktyabr ayından etibarən BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstandan gələn Tengiz xam neftinin nəqlinə başlanılıb. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Rusiya nefti nəql olunur. Bu ilin birinci rübündə BTC üzrə əməliyyat xərclərinə təqribən 41 milyon dollardan çox, əsaslı xərclərə isə 6 milyon dollar sərf edilib.

“BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.

Kəmərin istismar müddəti 40 ildir və hazırda orta ötürücülük qabiliyyəti gündəlik 1,2 milyon barreldir. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb.



Әlaqәli Xәbәrlәr