OPEC Nazirlər Şurasının 179-cu iclası keçirildi

İyunun 6-da Neft İxrac edən Ölkələr Təşkilatı - OPEC Nazirlər Şurasının videokonfrans formatında 179-cu iclası keçirildi

1430993
OPEC Nazirlər Şurasının 179-cu iclası keçirildi

 

  İyunun 6-da Neft İxrac edən Ölkələr Təşkilatı - OPEC Nazirlər Şurasının videokonfrans formatında 179-cu iclası keçirildi.

  Əlcəzairin energetika naziri, OPEC Konfransının rəhbəri Məhəmməd Arkabın sədrliyi, 23 ölkə nümayəndələrinin iştirakı ilə baş tutan iclas canlı yayımlanıb. İclasda qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları və hasilatın azaldılması öhdəliklərinin icrası müzakirə edilib.

  İclasda OPEC+ üzrə gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud Əməkdaşlıq Bəyannaməsinin müddətinin 30 iyula qədər uzadılması məsələsinə baxılıb və müvafiq saziş imzalanıb.

  Xatırladaq ki, OPEC+ ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan Əməkdaşlıq Bəyannaməsinə Azərbaycan da qoşulub.

  2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır. Artıq 2020-ci il mayın 1-dən etibarən Azəri-Çıraq-Dərinsulu Günəşli yataqlarında, Azneft İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.



Әlaqәli Xәbәrlәr