Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 8-ci üçtərəfli görüşü

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçirilib.

1328253
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 8-ci üçtərəfli görüşü

 

  Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçirilib.

  “Azertac” xəbər agentliyi bildirir ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkənin xarici işlər naziri David Zalkalianinin dəvətilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilən görüşün yekununa dair Bəyanat qəbul edilib.

  Bəyanatda deyilir ki, tərəflər həm siyasi dialoq, həm də spesifik üçtərəfli layihələrin icrası üçün vacib bir platforma kimi xarici işlər nazirlərinin əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə, Qars, Tbilisi, Bakı və İstanbul bəyannamələrindəki öhdəliklərini vurğulayıblar. Ölkələri arasında artan ikitərəfli və üçtərəfli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Hər üç ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəklərini bir daha təsdiq ediblər.

  Tərəflər Gürcüstanın Abxaziya və Tsixinvali/Cənubi Osetiya və Azərbaycan Respublikasının Dağlıq-Qarabağ bölgəsi və ətraf rayonlarında münaqişənin dayanıqlı sülh yolu ilə beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə də suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həllinin mühüm əhəmiyyətini bir daha vurğulayıb, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini qeyd ediblər.

  Nazirlər müdafiə sahəsində əməkdaşlıqla bağlı 2018-ci il Anlaşma Memorandumu ilə vurğulandığı kimi, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq ediblər, müdafiə sənayesində növbəti əməkdaşlıq, üçtərəfli təlim və məşğələlərdə əməkdaşlığın, eləcə də yüksək səviyyəli görüşlərin zəruriliyini vurğulayıblar. Bununla bağlı 2019-cu il 12 iyun tarixində Qəbələ şəhərində baş tutmuş Müdafiə nazirlərinin Üçtərəfli Görüşünü alqışlayıblar.

  Bəyanatda enerji, nəqliyyat, telekommunikasiya, innovasiya, texnologiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların icrası vasitəsilə iqtisadi-ticarət əməkdaşlığını daha da gücləndirmək, investisiya və ticarətin təşviqi üçün mövcud potensialdan istifadə etmək, həmçinin əməkdaşlığın təşviq edilməsinə dəstək göstərməyə razılıq ifadə olunub.

  Nazirlər Asiya və Avropa arasında rəqabətyönümlü nəqliyyatın asanlaşdırılmasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin və Dəmir İpək Yolunun bir hissəsi kimi Marmaray layihəsinin əhəmiyyətli rolunu vurğulayıblar.

  Tərəflər regionda ekoloji tarazlığın saxlanılması məqsədilə ətraf mühitin mühafizəsi, meşəçilik, torpaqdan istifadə və su resurslarının idarə edilməsi sahələrində əlaqələrin, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

  İş adamları üçün yeni imkanların yaradılması məqsədi daşıyan bir platforma kimi növbəti Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumunun ən qısa zamanda keçirilməsinin əhəmiyyəti bildirilib.

  Bəyanatda tərəflər sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarını araşdırmağa və genişləndirməyə dair razılıqlarını ifadə ediblər.

  Hər üç ölkənin təhlükəsizliyinə hədə olan terror qruplarına qarşı mübarizədə bir-birlərinə dəstəyi və səylərini davam etdirməkdə qətiyyətlərini vurğulayıblar.

  Növbəti görüşün Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə olunub.



Әlaqәli Xәbәrlәr