Azərbaycan nümayəndə heyəti İrana səfər etdi

Azərbaycan ilə İran arasında enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

1317073
Azərbaycan nümayəndə heyəti İrana səfər etdi

 

  Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edib.

  Dekabrın 3-də Tehranda Şahin Mustafayev ilə İranın energetika naziri Rza Ərdakanian arasında görüş keçirilib.

  Şahin Mustafayev bildirib:

  “İranla Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələrin inkişafında hər iki ölkə prezidentlərinin siyasi iradəsi və səmimi dostluq münasibətləri böyük rol oynayır.

  Hazırda dost və qardaş ölkələrimiz arasında mühüm iqtisadi layihələr həyata keçirilir. Qarşılıqlı ticarət dövriyyəsi 3 dəfədən çox artıb, gömrük-keçid məntəqələrində sadələşdirilmiş sistem yaradılıb və vətəndaşların gediş-gəlişi asanlaşıb. Qarşılıqlı rəsmi səfərlərin və Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayında da artım müşahidə olunur.

  Enerji sahəsində də əməkdaşlıq davam edir. Ordubad-Mərəzə, Xudafərin, “Qız Qalası” Su Elektrik stansiyalarında işlər davam etdirilir. Bu layihələr hər iki ölkənin əhalisinin sosial vəziyyətinin yaxşılaşması ilə yanaşı, ümumilikdə iqtisadi inkişafa da böyük təkan verəcək.

  Qarşılıqlı əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub. Lakin hər iki ölkə böyük iqtisadi potensiala malik olduğu üçün bundan daha səmərəli istifadə etmək lazımdır”.

  İranın energetika naziri Rza Ərdakanian da öz növbəsində bu sözləri söyləyib: “İran yaxın qonşuları ilə iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Azərbaycan İranın yaxın qonşusu olmaqla yanaşı, həm də dost və qardaş dövlətdir. Ordubad-Mərəzə, “Qız Qalası”, Xudafərin Su Elektrik stansiyaları ilə yanaşı, Astarada 500 meqavat gücündə qaz-elektrik stansiyasının tikintisi layihəsi də var. Bu layihə sərhəd rayonlarının iqtisadi inkişafında mühüm rol oynayacaq. Qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihələr hər iki xalqın mənafeyinə xidmət edəcək”.

  Görüşdə su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, turbinlərin quraşdırılması, maliyyə, enerji mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

  Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov da görüşdə iştirak ediblər.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr