İranda dərmanların 95%-i ölkədə istehsal olunur

İran prezidenti Həsən Ruhani ölkədə istifadə edilən dərmanların 95%-nin yerli istehsal olduğunu, ölkənin daha çox imkanla bölgənin dərman ixracatçısı ola biləcəyini bildirdi.

1138334
İranda dərmanların 95%-i ölkədə istehsal olunur

İran prezidenti Həsən Ruhani  istefa verən Səhiyyə naziri Həsən Qazizadə Haşiminin yerinə təyin etdiyi Səid Nemekinin parlamentdə etimad səsverməsi zamanı çıxış etdi.
 
 İnqilabdan sonrakı 40 ildə səhiyyə sahəsində böyük irəliləyişlərin olduğunu ifadə edən Ruhani 1979-cu ildən əvvəl 14 min olan həkim sayının bu gün 140 minə, tibb fakültələrində oxuyan tələbələrin sayının da 600-dən 6100-ə çıxdığını bildirdi.
 
 Ölkədə irəliləyişlərlə yanaşı, bir sıra nöqsanlar və problemlərin də olduğunu qeyd edən Ruhani: "Dərman ehtiyaclarımızın 95%-ni yerli imkanlarla ödəyirik, 5%-ni idxal edirik . Bu məsələdə daha çox imkan yaradaraq regionun dərman ixracatçısı ola bilərik" deyə danışdı.
 
 Ruhani inqilabdan əvvəl xəstəxanalarda 55 min olan yataq sayının bu gün 129 min 600-ə, səhiyyə ocaqlarının sayının da min 500-dən 18 minə çıxdığını söylədi.
 
 İran prezidentinin Həsən Qazizadə Haşiminin yerinə Səhiyyə naziri vəzifəsinə təyin etdiyi Səid Nemeki 259 lehinə, 25 əleyhinə verilmiş səslərlə parlamentdə etimad səsverməsindən keçdi.
 
Qeyd etmək lazımdır ki, Həsən Qazizadə Haşimi Səhiyyə Nazirliyinə yeni ildə ayrılan büdcəyə reaksiya göstərərək dekabrın 26-da istefa vermişdi.



Әlaqәli Xәbәrlәr