Gürcüstanın qaz şirkətləri qiymətlərin artırılmasını tələb edir

“SEMEK”in sədri İrina Milorava “Rustavi 2” TV-yə məlumatında bunu təsdiqləyib

1075579
Gürcüstanın qaz şirkətləri qiymətlərin artırılmasını tələb edir

  "Kaztransgas", "Sakorggas" və "SOCAR Georgia Gas" istehlak tariflərinin artırılması üçün Gürcüstanın Milli Enerji və Su Təchizatının Tənzimlənməsi Komissiyasına (SEMEK) müraciət edib.

  “SEMEK”in sədri İrina Milorava “Rustavi 2” TV-yə məlumatında bunu təsdiqləyib.

  İrina Miloravanın sözlərinə görə, istehlak tariflərinin artıb-artmayacağı tənzimləmə komissiyası tərəfindən şirkətlərin tariflərini müəyyənləşdirməsindən asılıdır ki, bu da 2018-ci ilin sonuna kimi məlum olacaq.

 Ötən il “SEMEK” 2020-ci ilə qədər elektrik enerjisi sektoru üçün tarifləri müəyyənləşdirdi.

  İrina Miloravanın sözlərinə görə, şirkətlər “SEMEK”in tarif hesablamalarına müəyyən əsaslı dəyişikliklər etdiyini nəzərə alsalar, tənzimləyici komissiyaya tarifin tətbiqi ilə bağlı müraciət etmək hüququna malikdirlər.

  Enerji mütəxəssisi Qia Arabidze “Rustavi 2”yə bildirib ki, əgər larinin dəyərdən düşməsi davam edərsə, enerji şirkətləri üçün ciddi problemlər yaranacaq. Belə ki, onlar qazı dollarla alır, Gürcüstan əhalisinə isə lari ilə satırlar.

  “Avropalı Gürcüstan”ın liderlərindən biri olan Zurab Çiaberaşvili də “Rustavi 2”də müsahibəsində milli valyuta - larinin gündən-günə dəyərdən düşməsi, buna görə tariflərin nəzərdən keçirilməsi və artırılmasının qaçılmaz olduğunu bildirib. Onun sözlərinə görə, enerji ölkənin yükünə çevrilir və ilk növbədə, ehtiyac içində olan vətəndaşlara təsir edir.

  Parlamentin keçmiş üzvü Davit Çiçinadzenin sözlərinə görə, "Əgər larinin kursu düşməyə davam edərsə və istehlak tarifləri artarsa, “Gürcü Arzusu” hakimiyyətdə qalmayacaq".



Әlaqәli Xәbәrlәr