Azərbaycan və Türkiyə arasında gömrük hüquqpozmaları ilə bağlı Tədbirlər Planı imzalandı

Ankarada keçirilən iclasda iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumu çərçivəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə bir sıra məsələlər müzakirə edilib.

1002567
Azərbaycan və Türkiyə arasında gömrük hüquqpozmaları ilə bağlı Tədbirlər Planı imzalandı

Azərbaycan və Türkiyə arasında gömrük hüquqpozmaları ilə bağlı Tədbirlər Planı imzalandı.

Tədbirlər Planı paytaxt Ankarada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Cümhuriyyətinin Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclasında imzalandı.

Tədbirdə Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və digər nümayəndə üzvləri, Türkiyənin Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşçının rəhbərliyi ilə nümayəndə heyəti iştirak etdi.

İclasın açılış mərasimində Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşçı Türkiyənin gömrük sistemində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, Türkiyə və Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi sahəsində görülən işlər barədə məlumat vermişdir.

Cenap Aşçı iki qardaş ölkə arasında bütün sahələrdə dostluq və qardaşlıq ənənələrinə söykənən strateji əməkdaşlıq münasibətlərindən bəhs edərək, bu münasibətlərin inkişafında hər iki ölkənin gömrük orqanlarının da rolunu vurğulayıb. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə çıxışında iki ölkə arasındakı bütün sahələrdə səmərəli, işgüzar əlaqələrin qurulduğunu, bu əlaqələrin gömrük işi sahəsində də sürətlə inkişaf etdiyini bildirib. Son illər Azərbaycanda aparılan islahatlar hesabına xarici investorlara güzəştlərdən, gömrük sahəsində tətbiq edilən yeni sistem və layihələrdən bəhs edən komitə sədri sahibkarlar üçün ölkədə münbit şərait yaradıldığını diqqətə çatdırıb.

Səfər Mehdiyev vurğulayıb ki, Azərbaycan gömrük xidmətinin ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş fəaliyyət və strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Qeyd edilib ki, Azərbaycan gömrüyünün fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha da cəlbedici olmasına yönəlib.

Sonra iclasda iki ölkə arasında imzalanmış saziş və anlaşma memorandumu çərçivəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə bir sıra məsələlər müzakirə edilib.

İclasda “Azərbaycanın Dövlət Gömrük Komitəsi və Türkiyənin Gömrük və Ticarət Nazirliyinin 2018-2019-cu illəri əhatə edən gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlığının və qarşılıqlı yardımının səmərəliliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı” imzalanıb.

Tərəflər qaçaqmalçılıqla mübarizə bölmələri arasında əlaqələndirici şəxsləri təyin edib və təsdiqləyiblər, kinoloji təlimlər mövzusunda əməkdaşlığın davam etdirilməsi barəsində razılığa gəlib və birgə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar.

Eyni zamanda, iki ölkənin gömrük laboratoriyaları arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu çərçivədə Bakı və İstanbula, Ankaraya qarşılıqlı səfərlərin təşkil edilməsi, risklərin təhlili sahəsində həyata keçirilən uğurlu fəaliyyətlərin davam etdirilməsi barəsində razılıq əldə edilib.

 



Әlaqәli Xәbәrlәr