İslam Həmrəyliyi Oyunları müqəddəs torpaqlardan qədim Konyaya uzanan birlik yoludur

TRT/Azerbaycan azərbaycanlı jurnalist, yazıçı, siyasi elmlər üzrə fəlsəfə doktoru, AZƏRTAC xəbər agentliyi Türkiyə Bürosunun rəhbəri Sabir Şahtaxtının araşdırma yazısını təqdim edir.

1866896
İslam Həmrəyliyi Oyunları müqəddəs torpaqlardan qədim Konyaya uzanan birlik yoludur
Erdoğan 5. İslami Dayanışma Oyunları.jpg
5. İslami Dayanışma Oyunları (2).jpg

Sürətlə qloballaşan dünyada yeni beynəlxalq sistemin formalaşması prosesi inkarolunmaz həqiqətə çevrilib. Prezident Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür!” ifadəsi ilə desək, hazırda dünyadakı anarxiya və xaosun aradan qaldırılmasında “ədalət və bərabərlik” anlayışları alternativsiz çağırışdır. Belə bir vəziyyətdə Türk-İslam ictimaiyyətinin qarşısında da ağır və məsuliyyətli missiya dayanır - həmrəylik! Bəli, İslama qarşı ayrı-seçkilik, İslam dəyərlərini, dini çağırışlarımızı bir sıra hallarda məqsədli şəkildə gözdən salmaq cəhdlərinin qarşısının alınmasının yeganə yolu var: İslam həmrəyliyi, qarşılıqlı inam və ehtiram!

İslam Həmrəyliyi Oyunlarının tarixi və perspektivləri

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılış mərasimində iştirakları qardaş Türkiyədə böyük rəğbətlə qarşılanıb. İslamiadada iştirak edən ölkələrin komandalarının paradında Azərbaycan idmançılarının stadiona daxil olması və keçidi böyük coşqu, məhəbbətlə qarşılandı. Bu qardaşlığın təntənəsinin nümayişi idi.

Beynəlxalq həmrəylik üçün idman diplomatiyası

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Qeyd etmək lazımdır ki, idman dünyada ən geniş yayılan mədəniyyət nümunəsidir. İdman fiziki və mənəvi sağlamlıq deməkdir. Tarixin bütün dövrlərində əcdadlarımız öz övladlarını sağlam, cüssəli, cəsur, qorxmaz, mətin görmək istəyiblər. Adından da göründüyü kimi, bu Oyunlar ümmətimizin həmrəyliyinə xidmət edir. Eyni zamanda, bu Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin qeyri-müsəlman idmançıları üçün də açıq olması millət və ümmət olaraq humanistliyimizi təcəssüm etdirir. İslam Həmrəyliyi Oyunları ümumilikdə insanları, xalqları və ölkələri bir-birinə tanıdan, yaxınlaşdıran, sevdirən beynəlxalq hərəkatdır. Bu məntiqlə belə bir mühakimə yürüdə bilərik ki, İslam Həmrəyliyi Oyunları idman diplomatiyası kimi yalnız İslam dünyasını deyil, beynəlxalq həmrəylik üçün də tarixi missiyadır.

İslam Həmrəyliyi Oyunlarının tarixi və perspektivləri

İslam Həmrəylik Oyunları dörd ildən bir keçirilən beynəlxalq idman tədbiridir. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edirlər. İlk dəfə bu Oyunlara Səudiyyə Ərəbistanı ev sahibliyi etmişdir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da Oyunlarda iştirak etməyə icazə verilir.

Təəssüflə qeyd etmək lazımdır ki, İranda keçirilməsi planlaşdırılan İkinci İslam Həmrəyliyi Oyunları siyasi səbəblərdən təxirə salınıb. Lakin 3-cü dəfə bu Oyunlar 2013-cü ildə İndoneziyada yüksək səviyyədə keçirildi və verilmiş fasilə aradan qaldırıldı. Prosesin inkişaf dinamikası pozulmadı. Azərbaycan 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarına böyük müvəffəqiyyətlə ev sahibliyi edərək müsəlman dünyasının həmrəyliyi yolunda fundamental nəticələr qazandı. Dünyanın aparıcı idman şərhçiləri əminliklə bildirirlər ki, İslam Həmrəyliyi Oyunlarına qazandırılan Bakı təcrübəsi həm təşkilatçılıq, həm də peşəkarlıq baxımından bu Oyunları sürətlə inkişaf etdirəcək.

Beləliklə, İslam Həmrəyliyi Oyunları beynəlxalq səviyyəli mədəniyyət nümunəsi kimi böyük perspektivə malikdir. Bu Oyunlar, ilk növbədə, İslam ölkələrində idmanın sevilməsinə, onun faydalı və perspektivli məşğulluq kimi təşəkkül tapmasına böyük təsir göstərir.

Qeyd etmək lazımdır ki, İndoneziya 2032-cü il Olimpiadasına ev sahibliyi etmək hüququ uğrunda mübarizə aparsa da, Avstraliyanın Brisbeninə məğlub olub. Lakin mübarizə davam edir. Ən son məlumatlara görə, İndoneziya 2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün yenidən iddiaçı olacaq. Heç şübhəsiz, 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə qazanılan təcrübə və bu yarışların səmərəliliyi İndoneziyanın əsaslı iddialarının təməlidir.

Xatırladaq ki, VI İslam Həmrəyliyi Oyunları 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Azərbaycanın İslam həmrəyliyinə töhfələri

Keçmiş sovetlər birliyinin 70 ilə yaxın zaman kəsiyində həyata keçirdiyi türk-müsəlman düşmənçiliyi, eləcə də əsassız məhdudiyyətlərə baxmayaraq, Azərbaycan xalqı böyük əzmlə İslam dəyərlərini qoruyub saxlaya bilmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra kənar təsirlərin gücü ilə ölkəmizdəki milli-İslam dəyərlərinə müdaxilələr yaranmışdır. Lakin ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycan xalqının birliyi və həmrəyliyi istiqamətində dövlət strategiyası müəyyənləşdirdi.

Azərbaycanın mövcud Konstitusiyaya əsasən, din dövlətdən ayrı olmaqla yanaşı, bütün etnik qruplara və dinlərə qarşı dövlət qayğısı mövcuddur. Müəyyən edilmiş dövlət strategiyası bir tərəfdən kənar təsirlərin qarşısını alır, digər tərəfdən isə ölkəmizdə yaşayan bütün etnik qrupların və dinlərin dəyərlərinin qorunmasını təmin edir. Məhz bu düzgün siyasətin nəticəsidir ki, 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan, eləcə də bütün İslam dünyası üçün mötəbər idman təntənəsi kimi nüfuz qazandı. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Xəzərdən başlayan su səyahəti ilə start götürdü. Su aydınlıq, xeyir və bərəkət, həyat mənbəyidir. Elə həmin il, yəni, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi təbii ki, təsadüfi deyildi. Prezident İlham Əliyevin bu barədə Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub.

Qeyd etmək lazımdır ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz sayəsində 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşlar. Hər iki şəhər böyük əzmkarlıq nümayiş etdirərək göstərilən etimadı doğrultmuşdur.

Müqəddəs torpaqlardan qədim Konyaya doğru həmrəylik..!

Ötən dövrdə böyük inkişaf yolu keçərək müqəddəs İslam torpaqlarından qədim türk yurdu Konyaya qədər keşməkeşli inkişaf yolu keçən İslam Həmrəyliyi Oyunları hazırda dünya idman ictimaiyyəti tərəfindən diqqətlə izlənilir.

Avqustun 9-da təkcə dünya idman ictimaiyyətinin deyil, eləcə də beynəlxalq siyasi elitanın nəzər və diqqəti yenidən Anadolu torpaqlarına yönəldi. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yenidən qardaş ölkədə işgüzar səfərdə olması, ilk növbədə, dünya mətbuatında Azərbaycan-Türkiyə müttəfiqliyi ilə bağlı fikirləri yenidən canlandırdı.

Xatırladaq ki, budəfəki Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya vilayəti həm də İslam sivilizasiyasının mühüm məkanlarındandır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Türk və İslam dünyalarının ən böyük sufilərindən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi nadir mədəniyyət mərkəzlərindən sayılır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir. Konya səmazərlərinin ifaları insanı düşündürür, ruhunu sakitləşdirir, seyrçidə sevinc və heyrət yaşadır.

Əminliklə deyə bilərik ki, bütün bu mənəvi zənginliyi ilə seçilən Konya V İslam Həmrəyliyi Oyunlarına böyük məharətlə ev sahibliyi edəcək, bu Oyunların təşkilatçılığına yeniliklər bəxş edəcəkdir.



Әlaqәli Xәbәrlәr