Tokio Olimpiadasına xarici azarkeşlər buraxılmayacaq

Tokio Olimpiadasında əcnəbi azarkeşlər iştirak etməyəcək

1605218
Tokio Olimpiadasına xarici azarkeşlər buraxılmayacaq

 

  Cari ilin yayında koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına əcnəbi azarkeşlər buraxılmayacaq. Bu barədə qərar martın 20-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Beynəlxalq Paralimpiya Komitəsinin (BPK), Yaponiya hökumətinin, Oyunların təşkilat komitəsinin və Tokio administrasiyasının da qatıldığı beştərəfli onlayn görüş zamanı qəbul edilib.

  Yaponiya tərəfi bəyan edib ki, hazırkı şəraitdə əcnəbi tamaşaçıların ölkəyə buraxılması böyük fəsadlar törədə bilər. BOK və BPK rəsmiləri Yaponiya tərəfinin qərarına hörmətlə yanaşıdıqlarını bildiriblər.

  Tokio Oyunları təşkilat komitəsinin sədri xanım Seyko Haşimoto deyib: “Yaponiya da daxil olmaqla dünyanın bütün ölkələri hazırda sərhədlərarası səfərləri məhdudlaşdırıblar. Cari vəziyyət Yaponiyaya yayda xarici ölkələrdən gələnlərin səfərlərinin təhlükəsizliyinə zəmanət verməyə imkan vermir”.

  Bildirilir ki, tamaşaçıların sayına qoyulacaq məhdudiyyətlərin səviyyəsi Yaponiyada peşəkar idman tədbirləri və bununla əlaqədar hökumətin tövsiyələri nəzərə alınmaqla, konkret olaraq gələn ay elan ediləcək.

  Xatırladaq ki, Oyunların təşkilatçısı olan bu beş təşkilat ötən ilin martında koronavirus pandemiyasına görə yarışların bir il təxirə salındığını elan edib.

  Cari ildə Olimpiya oyunlarının iyulun 23-də, Paralimpiya oyunlarının isə avqustun 24-də başlanacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr