Avro-2020 final mərhələsinin püşkü atıldı

Noyabrın 30-da Buxarestdə futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının (Euro-2020) final mərhələsinin püşkü atılıb.

Avro-2020 final mərhələsinin püşkü atıldı

 

  Püşkün nəticələrinə əsasən,

* Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb,

* Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B,

* Niderland, Ukrayna, Avstriya və UEFA Millətlər Liqasının A, yaxud D liqasının qalibi olacaq komanda C qrupunda mübarizə aparacaqlar.

* D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Millətlər Liqasının C liqasının qalibi yarışacaqlar.

* İspaniya, İsveç, Polşa və B liqasının qalibi olacaq komanda E qrupunda yer alıblar.

* Sonuncu - F qrupunda isə Millətlər Liqasının A və ya D Liqasının qalibi, Portuqaliya, Fransa və Almaniya seçmələri qarşılaşacaqlar.

  Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.

  Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun 3, dörddəbir final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. Qardaş ölkənin – Türkiyənin yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, iyunun 13-də Uels və İsveçrə yığmaları Bakı Olimpiya Stadionunda qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək.

  Qeyd edək ki, “Avro 2020”yə son 4 vəsiqə uğrunda UEFA Millətlər Liqasında daha yaxşı çıxış etmiş 16 komanda mübarizə aparacaq. Noyabrın 22-də püşkatmadan sonra liqalar üzrə yarımfinallarda qarşılaşacaq rəqiblər aşağıdakı kimi müəyyənləşib:

A liqası: İslandiya – Rumıniya və Bolqarıstan – Macarıstan.

B liqası: Bosniya və Herseqovina - Şimali İrlandiya və Slovakiya – İrlandiya.

C liqası: Şotlandiya – İsrail və Norveç – Serbiya.

D liqası: Gürcüstan – Belarus və Şimali Makedoniya – Kosovo.

  Bu görüşlər gələn ilin martında keçiriləcək.

  “Avro-2020”nin final mərhələsində qruplarda ilk iki yeri tutacaq komandalar, habelə üçüncü yeri tutan yığmalar arasında ən yaxşı nəticə göstərən yığmalar səkkizdəbir finala yüksələcəklər. Avropa çempionatının final mərhələsi iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Çempionatın final matçı Londonun “Uembli” stadionunda baş tutacaq.



Әlaqәli Xәbәrlәr