“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirildi

Azərbaycanın paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.

1240000
“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirildi

Azərbaycanın paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.

Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak etdilər.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərəcək.

Bakı vaxtı ilə saat 20:00-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi başladı.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaltdılar.

Bundan sonra demək olar ki, bütün Olimpiya tədbirlərinin açılış mərasimlərinin ənənəvi hissəsi olan atletlərin paradı başladı.

İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil oldular. Digər ölkələrin komandaları onların arxasınca əlifba sırası ilə gəldilər. Türkiyənin idmançıları coşğu ilə qarşılandı. Milli komanda qafiləsi Türkiyənin bayraqları ilə yanaşı Azərbaycan bayraqları da daşıdı.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və “Baku Crystal Hall”a toplaşmış tamaşaçılar idmançılarımızı hərarətlə salamladılar.

İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri tamamladılar. Üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar Talıbov apardı.

Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirildi. Filmdə Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, eləcə də paytaxt Bakının görməli yerləri haqqında kadrlar nümayiş olundu.

“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı 27 iyulda başa çatacaq.



Әlaqәli Xәbәrlәr