“Necə bir köç strategiyası olmalıdır?" (I hissə)

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “Necə bir köç strategiyası olmalıdır” adlı analitik yazısı...

“Necə bir köç strategiyası olmalıdır?" (I hissə)

Həftənin analizi_31

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudret Bülbülün “Necə bir köç strategiyası-1” adlı analitik yazısı...

Türkiyə tarixi boyunca digər ölkələrlə müqayisə edildiyi zaman köçlərlə bəlkə də ən çox qarşı-qarşıya qalmış bir ölkədir. Hər zaman şərqdən, qərbdən, şimaldan, cənubdan köç qəbul edən bir ölkə olub. Hazırda da bölgəsində dincliyin hakim olduğu ölkə kimi, ölkələrində yaşadıqları problemlər səbəbindən yenə müxtəlif coğrafiyalardan qalxıb gəlmək istəyənlərin hədəf ölkəsidir. Ölkəmizə intensiv köç tələblərinə qarşı necə bir strategiya izləməliyik?

Bununla bağlı ilk olaraq bunu demək lazımdır ki, düzgün idarə oluna bilsə əgər köçün ölkələrə ciddi töhfəsi vardır. Bunun konkret nümunəsinin öz tariximiz olduğunu söyləyə bilərik. Eynilə köç mədəniyyətinin uşaqlarıyıq. Uzun mədəniyyət yürüşümüz bir köç yürüşüdür. Bu yürüşdə, ədalət, paylaşma, birlikdə yaşamaq, plüralizm, tolerantlıq, multikulturalizm kimi bu gün bəşəriyyətin ən çox ehtiyac duyduğu, Türkiyəni Türkiyə edən çox mühüm dəyərləri bir araya gətirmişik. Amma köçün ölkələrə verdiyi töhfə başqa bir proqramın mövzusudur.

Anadolu bir köç coğrafiyasıdır

Müsəlman Türklərdən əvvəl də bir keçid nöqtəsi, bir yol marşrutu olması səbəbindən Anadolu intensiv köçlərə məruz qalıb. Müsəlman Türklərin Anadoluya gəlməsi isə mininci illərdə başlayır. Türklərin Anadoluya gəlməsindən sonra tarix Anadoluda bir toqquşma, başqa ölkələrdə olduğu kimi kütləvi bir qətliam yaxud da Anadoluda yaşayanların, yaşadıqları yerləri kütləvi şəkildə tərk etmələri kimi bir vəziyyətdən bəhs etmir. Bu vəziyyət Anadolunun zaman ərzində Xorasandan durub gələnlərin rəngilə boyandığının göstəricisidir.

Anadoluya köçlər sadəcə mininci illərlə məhdud qalmayıb. 18-ci və 19-cu əsrlərdə Balkanlarda və Qafqazlarda yaşanan ağır və kədərli hadisələr səbəbindən 18 və 19-cu əsrlərdə də davam edib.

Bu köçlərin Cümhuriyyət dövründə də davam etdiyini görürük.

Türkiyəyə son kütləvi köç isə Todor Jivkovun zülmünə görə 1989-cu ildəki Bolqarıstan Türklərinin köçüdür. Jivkovun bu dövrdə “Türklərin Bolqarıstanı tərk etmələrinə imkan yaradılmayacağı təqdirdə Bolqarıstan deyə bir ölkənin qalmayacağı, Bolqarıstanın başqa bir Kıbrısa çevriləcəyi”ni ifadə etdiyi bildirilir.

Xülasə Anadolu coğrafiyası Adriatikdən Çin səddinə Türkiyəyə könül verən insanlar üçün hər zaman ikinci ünvan, sıxıntıda olduqlarında gələ biləcəkləri bir ölkə olmuşdur. Türkiyə sadəcə Türk və müsəlman icmalar üçün gedilə biləcək sakitliyin hakim olduğu bir ada kimi qalmayıb. Tariximiz Türkiyənin müsəlman olmayanların da sığına biləcəyi bir ölkə olduğunun nümunələrilə doludur. Bu mövzudakı son nümunə 500 il əvvəl Avropadan çıxarıldıqları zaman olduğu kimi Hitler zülmü səbəbindən Almaniyadan qaçaraq Türkiyəyə pənah gətirən yəhudilərdir.

Anadoludan köçlər

Türkiyə yaxud da Anadolu sadəcə köç qəbul edən deyil, həmin zamanda intensiv şəkildə köçün olduğu bir coğrafiyadır. Anadolu Osmanlının sadəcə hərbi deyil, həmin zamanda getdiyi yerlərdə yeni yaşayış məntəqələri qurmaq üçün də insan qaynağıdır. Xüsusilə Balkan ölkələrinə Anadoludan intensiv köçlər olub. Balkanlarda üç dənə “Konya” adında yaşayış məntəqəsi olduğu ifadə edilir.

Anadoludan xaricə yaşanan son kütləvi köçlər 1960-cı illərdəki Qərb ölkələrinə istiqamətli işçi köçləridir. Hazırda rəsmi olaraq bu ölkələrdə 5 milyon Türk əhalisi olduğu məlumdur.

Hal-hazırda vəziyyət

Türkiyə hazırda da Balkanlar, Orta Şərq, Türk Dünyası, Uzaq Şərqdən intensiv şəkildə köç qəbul edir. Son olaraq Suriyadan güclü bir köç dalğası ilə qarşı-qarşıyayıq.

Bu köçlərin mühüm bir səbəbi regionumuzdakı ölkələrə və Qərb ölkələrinin mövqeyinə nəzər saldıqda Türkiyədən başqa gedə biləcəkləri çoxlu alternativin olmamasıdır. Əsas səbəbi isə yaşadığı coğrafiyalardakı problemlər, imperialist ölkələrin strategiyaları və s. səbəblərlə ölkələrinin getdikcə yaşana bilməyəcək hala gəlməsidir.

Türkiyə bu gün təkcə Suriya, İran, İraq, Əfqanıstan, Liviya, Çin, Rusiya, Ukrayna, Afrika ölkələri kimi ölkələrdən deyil, Qərb ölkələrindən də köç alır. Qərbdəki iqtisadi tənəzzül və artan İslam və Türk əleyhinə səbəblərlə daha əvvəl bu ölkələrə gedən insanımızın bir hissəsi geri qayıdır, uşaqlarının bir hissəsi iş olaraq Türkiyədə gələcək axtarır. Əvvəlki illərdə xəyal belə edilə bilməyəcək şəkildə Qərbdə yaşayan vətəndaşlarımızın övladları Türkiyədə oxumağı üstün tuturlar.

İstər qərbli ölkələrdə, istər Balkan ölkələrində, istərsə Krımda və Uyğur bölgəsində yaşadıqları ciddi problemlərə görə bu bölgələrlə əlaqədar bir sıra qeyri-hökumət təşkilatlarımız Türkiyəyə qayıtmağı yaxud da köçü təşviq edirlər.

Qərbdə və Şərqdə, ölkəsində Türk və müsəlman əhali istəməyən ölkələr və irqçi dairələr də fərqli mexanizmlərlə buralardakı insanlarımızın yaşadıqları yerləri tərk etmələri üçün insanları təngə gətirən hərəkətlərə üz tuturlar.

Xüsusilə Krım və Uyğur məsələsində olduğu kimi buradakı soydaşlarımız bəzi imperialist ölkələr tərəfindən Rusiya və Çinə zərər vermək üçün qapıları açan biri kimi istifadə olunmaq, öz siyasətlərinin bir vasitəsinə çevirilmək istənir.

Bölgəsində dincliyin hakim olduğu bir ada, bəşəriyyətin sığınacağı və vicdanı olduğu üçün Türkiyə ilə fəxr edək. Amma Türkiyənin tək başına bütün bu intensiv köç dalğalarını həll edə bilməsi qeyri-mümkündür. Strateji olaraq düzgün də deyil. Ümumilikdə insanımızın yaşadığı torpaqları tərk edib, Türkiyəyə köç etmələri ilə bağlı ölkələrin onsuz da arzu etdikləri və təzyiq etdikləri bir şeydir.

 Türkiyə xaricdə yaşayan və özü ilə bir təhər əlaqədə olan insanına qarşı, onların bəzi qərb ölkələrinin imperialist məqsədlərinin vasitəçi olmasına yol vermədən, özünün və xüsusilə bu insanların xeyrinə olacaq şəkildə siyasətlər inkişaf etdirməlidir.

 Türkiyənin dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, xaricdə yaşayanlarımızın və soydaşlarımızın izləməsi lazım olan köç strategiyasına dair təkliflərimizi, konkret hala gətirərək söhbətimizi gələcək həftə davam etdirəcəyik.

 



Әlaqәli Xәbәrlәr