Sosial şəbəkələr və insanın fiziki sağlamlığı
Buffalo Universiteti və Ohio Dövlət Universitetinin birgə son araşdırması sosial şəbəkələrdən intensiv istifadə ilə zəif fiziki sağlamlıq arasında əlaqəni aşkar edib
Heç sosial şəbəkələrin sonsuz məzmununda itib-batmısınızmı? Bildirişi yoxlamaq üçün telefonunuzu açırsınız, ancaq sonra videoları izləməyə və paylaşımları oxumağa başlayırsınız, ta ki saatlarla şüursuzca ekranı sürüşdürdüyünüzü anlayanacan. Amma heç düşünmüsünüzmü bu vərdişin bədəninizə necə təsir etdiyi barədə? Sosial şəbəkələrin psixi sağlamlığa təsiri haqqında daim eşidirik. Bu, bir çox insanda narahatlıq yarada və onlara mükəmməl bir həyat göstərmək üçün təzyiq edə bilər. Bəs fiziki sağlamlığımıza təsirləri nələrdir?
Orta hesabla amerikalılar gündə təxminən 144 dəqiqələrini sosial şəbəkələrdə keçirir, yəni hər gün 2 saat yarıma yaxın. Bu, insanların idman, sosiallaşma, hətta yeməyə sərf etdikləri zamandan çoxdur!
Z nəsli üçün isə rəqəmlər daha böyükdür. Onların gündə 6 saat sosial şəbəkələrdə vaxt keçirdikləri bildirilir. Bu, təkcə nəhəng zaman itkisi deyil, həm də son dərəcə təhlükəlidir. Onlayn keçirdiyimiz hər saat özümüzü xəstəliklər üçün daha böyük risk altına qoyuruq.
Buffalo Universiteti və Ohio Dövlət Universitetinin birgə son araşdırması sosial şəbəkələrdən intensiv istifadə ilə zəif fiziki sağlamlıq arasında əlaqəni aşkar edib. Bu, tədqiqatçılar orqanizmdə C-reaktiv zülal və ya CRP səviyyələrini araşdırarkən ortaya çıxıb.
Qanda yüksək CRP səviyyələri xroniki iltihabi və ürək xəstəlikləri kimi müxtəlif sağlıq problemlərinin əlamətidir. Tədqiqatçılar sosial şəbəkələrdə daha çox vaxt keçirən insanların daha yüksək CRP səviyyələrinə malik olduqlarını aşkar edib. Onların bədənində daha çox iltihab var ki, bu iltihab baş, sinə, bel ağrıları və daha çox problemlərə səbəb ola bilir.
Tədqiqatçılar sosial şəbəkələrdə ən aktiv olan yaş qrupundan - 251 kollec tələbəsindən ibarət bir qrupu test ediblər: qan nümunələri götürüb və onların CRP səviyyələrini ölçüblər.
Araşdırmaçılar “Facebook”, “Twitter”, “Snapchat” və “İnstagram” kimi rəqəmsal platformalar vasitəsilə tələbələrin sosial media aktivliyi haqqında məlumat toplayıblar, həmçinin onların özlərinin bildirdiyi məlumatları müqayisə edərək tapıntılarının etibarlı olmasını təmin ediblər. Nəticədə bəlli olub ki, tələbələr sosial şəbəkələrdə nə qədər çox vaxt keçirirlərsə, CRP səviyyələri o qədər yüksək və sağlamlıqları o qədər pis olur.
Bəs niyə bu baş verir? Bir fərziyyə “sosial şəbəkələrdən həddindən artıq istifadə sağlam fəaliyyətin yerini tutmaqdadır” fikridir. Məsələn, ekranı izlərkən keyfiyyətli yuxu, idman və ya real sosial qarşılıqlı əlaqələri əldən verə bilirik. Keyfiyyətsiz yuxu isə ürək-damar xəstəlikləri və digər ciddi sağlıq problemləri riskini artırır. Telefondan qopa bilməməkdən yaranan stress də bədəni infeksiyalara qarşı həssas edə bilir.
Araşdırma sosial şəbəkələrdən istifadə ilə fiziki sağlamlıq şikayətləri arasında aydın əlaqəni göstərsə də, bu korrelyasiya xəstəliklərin tam səbəbi deyildir. Pis sağlamlıq da sosial şəbəkələrdən çox istifadəyə səbəb ola bilir.
Bu tədqiqat niyə əhəmiyyətlidir? Əvvəlkilər sosial şəbəkələrin narahatlıq və depressiya kimi psixoloji təsirlərini geniş şəkildə araşdırmışdı. Bu araşdırma fiziki sağlamlığa təsirləri birbaşa yoxlayaraq yeni yol açır. Psixi və fiziki sağlamlığımızın bir-birilə nə qədər əlaqəli olduğunu nəzərə alsaq, bu boşluğun dolması xüsusilə diqqətəlayiqdir.
Bizim həddindən artıq əlaqəli dünyamızda sosial şəbəkə platformaları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Onlar əlaqə imkanları təklif etsələr də, bu kimi araşdırmalar texnologiyadan necə istifadə etməli olduğumuz barədə düşünmək fürsəti verir.
Bu tədqiqat sadəcə aysberqin görünən qisindir. Rəqəmsal həyatımızın fiziki sağlamlığa necə təsir etdiyi haqqında öyrəniləcək çox şey var. Bəs siz nə edə bilərsiniz? Bəlkə sosial media vərdişlərinizi nizama salmağın vaxtıdır. Özünzə müəyyən məhdudiyyətlər qoymağı düşünün, onlayn vaxtınızı məhdudlaşdırmaq və ya texnologiyasız saatlar təyin etmək kimi. O zaman bədəniniz və zehniniz sizə təşəkkür edər.
Bu günlük bu qədər.
Әlaqәli Xәbәrlәr
Türkiyənin milli qırıcı təyyarəsi daha bir uçuş testini uğurla tamamlayıb
Türk Aviasiya və Kosmik Sənayesi Şirkəti (TUSAŞ) həyata keçirilən testə aid görüntüləri yayımlayıb