"Qızların təhsili sülh və davamlı inkişaf yolunda ən mühüm addımlardan biridir", A.Quterreş

Antonio Quterreş dünyanın bütün kasıb və zəngin ölkələrində təhsildə dərin böhran olduğuna diqqət çəkərək, təhsildə transformasiyaya çağırıb.

1881903
"Qızların təhsili sülh və davamlı inkişaf yolunda ən mühüm addımlardan biridir",  A.Quterreş

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş dünyanın bütün kasıb və zəngin ölkələrində təhsildə dərin böhran olduğuna diqqət çəkərək, təhsildə transformasiyaya çağırıb.

Baş katib Antonio Quterreş BMT-nin 77-ci Baş Assambleyasının iclasları çərçivəsində “Təhsildə Transformasiya Sammiti”nin açılışında çıxış edib.

Antonio Quterreş deyib ki, kasıb ölkələrdə 10 yaşlı uşaqların təxminən 70 faizi ən sadə mətni belə oxuya bilmir, inkişaf etmiş ölkələrdə isə təhsil bərabərsizliyi azaltmaq əvəzinə artırır.

Zənginlərin ən yaxşı qaynaqlarla ən yaxşı məktəblərə getdiyini və daha sonra ən yaxşı işləri tapdığını ifadə edən Quterreş kasıbların, xüsusilə qızların həyatlarını dəyişdirəcək keyfiyyətlərə yiyələnməkdə maneələrlə üzləşdiyini bildirib.

Köçkünlərin və əlillərin ən böyük maneələrlə üzləşdiyinə diqqət çəkən Quterreş yeni növ koronavirus (Covid-19) epidemiyasının bütün dünyada təhsilə dağıdıcı təsir göstərdiyini və ümumi olaraq təhsilə ağır zərbə vurduğunu söyləyib.
Təhsildəki problemlərə toxunan Quterreş tədris planı və təhsil sistemlərinin çox vaxt ömürboyu öyrənməni dəstəkləmədiyinə, müəllimlərə kifayət qədər təhsil və dəyər verilmədiyinə, aşağı maaşlar verildiyinə və rəqəmsal uçurumun yoxsul tələbələri cəzalandırdığına diqqət çəkib.

Baş katib dünyanın bütün ölkələrində, istər kasıb, istər varlı, təhsil sahəsində dərin böhran olduğunu bildirərək, təhsildə transformasiyaya çağırıb.

Əfqanıstandakı Taliban rəhbərliyini qızların orta təhsilinə qoyulan qadağanı dərhal aradan qaldırmağa çağıran Quterreş qızların təhsilinin sülh, təhlükəsizlik və davamlı inkişaf yolunda ən mühüm addımlardan biri olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr