Çin ilk Mars missiyasını göndərdi

Çinin ilk Mars missiyası olan "Tianwen-1" zondunun qırmızı planetə göndərilməsi uğurla baş tutub

1460384
Çin ilk Mars missiyasını göndərdi

 

  Çinin ilk Mars missiyası olan "Tianwen-1" zondunun qırmızı planetə göndərilməsi uğurla baş tutub.

  Zondu orbitə aparan "Long March-5Y4" raketinin buraxılışı iyulun 23-də yerli vaxtla saat 12:41-də (Türkiyə vaxtı ilə 07:41) Haynan adasındakı Vençan buraxılış məntəqəsindən həyata keçirilib. Plana əsasən, zond gələn ilin fevralında Marsa çatacaq və 6-7 ay orada qalacaq. Zond qırmızı planetdə elmi araşdırmalar aparacaq, o cümlədən Marsın səthinin tərkibini, geoloji quruluşunu, meteoroloji mühitini tədqiq edəcək.

  Zond üç moduldan – orbital, enmə və gəzən aparatlardan ibarətdir. Marsa düşən Günəş şüaları Aya nisbətən az olduğu üçün qırmızı planetə göndərilən 240 kiloqramlıq gəzən aparatın Günəş panelləri daha böyük hazırlanıb. Marsda müxtəlif araşdırmalar aparmaq üçün aparat 2 panorama kamerası, multispektral kamera, aşkarlayıcı radar, maqnetik detektor, meteoroloji ölçü alətləri ilə təchiz olunub. Sürəti saatda 200 metr olan aparat adi səthin 10 metr dərinliyində, buz səthinin isə 100 metr dərinliyində komponentlərini aşkar edə bilər.

  Çinin peyk idarəetmə mərkəzi "Tianwen-1" zondunun Yer-Mars keçid orbitinə çatandan sonra mərkəzin Qaşğar və Ciamsu şəhərlərindəki stansiyaları zonda monitorinq dəstəyini həyata keçirəcəklər.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr