Ozon təbəqəsindəki dəlik kiçilməyə başlayır

Alimlər ozon təbəqəsinin Antarktida üzərində böyüməsinin azalmağa başladığına dair ilk dəqiq dəlillər əldə ediblər

522313
Ozon təbəqəsindəki dəlik kiçilməyə başlayır

  2015-ci ilin sentyabr ayında edilən ölçmələrdə ozon təbəqəsindəki deşiyin 2000-ci illə müqayisədə 4 milyon kvadrat kilometr kiçildiyi müşahidə olunub. Bu təxminən Hindistanın ərazisi qədər deməkdir.

  Ozon deşiyinin daralması zərərli kimyəvi maddələrin istifadəsinin mərhələli olaraq azaldılması sayəsində reallaşdığı düşünülür. Dəliyin, xüsusilə, Antarktida qitəsi üzərində meydana gəlməsinin səbəbi isə həddindən artıq soyuq hava və bölgəyə düşən günəş şüalarının intensivliyilə bağlıdır.

  İngilis alimləri Antarktikanın təxminən 10 kilometr üzərindəki ozon təbəqəsinin diqqətə çarpan dəyişikliyini ilk dəfə keçən əsrin 80-ci illərində görüblər.

  1986-cı ildə ABŞ alimi Susan Solomon xloroflorokarbon (CFC) qazlarının ozon təbəqəsinə zərər verdiyini sübut etmişdi. Bu qazlar saç spreylərindən soyuducu və kondisionerlərə qədər bir çox sahələrdə istifadə edilir. 1987-ci ildə imzalanan Monreal protokoluyla CFC qazlarının istifadəsinə dair qatı tədbirlər götürüldü və 2000-ci ildən etibarən istehsalı ciddi şəkildə düşdü. CFC qazlarının atmosferdəki ömrünün 50-100 il olduğu təxmin edilir. Stratosferdə - atmosferin 2-ci qatında olan CFC-lərin zaman içində tamamilə yox olmasıyla ozon təbəqəsindəki deşiyin daha da kiçiləcəyi düşünülür.

  Qeyd edək ki, canlıları günəşin ultrabənövşəyi şüalarının zərərindən qorunmasını təmin edən ozon təbəqəsinin incəlməsi dəri xərçəngi və katarakt hadisələrinin artmasına səbəb olur, heyvan və bitkilər üçün də təhlükə yaradır.



Әlaqәli Xәbәrlәr