Ayin qurbanı uşağın DNT-si müəyyən olundu

Alimlər Argentinada bir dağda tapılan uşaq mumiyasının genetik xüsusiyyətlərini araşdırıblar.

365799
Ayin qurbanı uşağın DNT-si müəyyən olundu

  İnk sivilizasiyası tərəfindən 500 il əvvəl ayinlə qurban edilən oğlan uşağının yalnız anadan keçdiyi bilinən mitokondriyal DNT-si tədqiq edilib. Yeddi yaşlı uşağın Cənubi Amerikada İspan fəthindən sonra, demək olar ki, tamamilə yox olan bir yerli tayfalardan biri olduğu, yaşayan ən yaxın “qohum”larının isə bu gün Peru və Boliviyada olduğu müəyyənləşib.

  “Scientific Reports” jurnalında yazılanlara görə, ilk dəfə olaraq bir İnk mumiyasının mitokondriyal DNT-si tamamilə araşdırılıb.

  İspaniyalı araşdırmaçılar genetik məlumatları yüz minlərlə nümunə ilə müqayisə edərək uşaq DNT-sinin nadir rastlanan bir gen quruluşuna malik olduğunu təyin ediblər.

  Uşaq mumiyanın DNT-si İnklərdən çox əvvəl And dağlarında hökm sürən Vari İmperatorluğunda yaşamış bir adam və müasir dövrdə isə Peru və Boliviyada yaşayan üç nəfərlə uyğun gəlib.

  Araşdırma qrupuna başçılıq edən Antonio Salas bu genetik soydan gələnlərin bu gün, demək olar ki, tamamilə yox olduqlarını söyləyib.

  Professor Salas bu unikal antropoloji tədqiqatları yaxşı qorunduğu üçün “çox xüsusi” adlandırıb və bu uşaq mumiya üzərində işləri davam etdirəcəklərini bildirib.

  Qeyd edək ki, İnk mədəniyyətində “capacocha” qurban ayinlərində saf varlıqlar olaraq qəbul edildikləri üçün uşaqlar seçilirdi. Rahiblər onları yüksək bir dağa aparıb qorxusunu almaq üçün sərxoşedici içki verir, sonra öldürtdürürdülər.

  DNT-si araşdırılan uşağın qalıqları 1985-ci ildə Argentinanın Akoncaqua (Aconcagua) dağında dağçılar (alpinistlər) tərəfindən tapılıb. Bədəni parça ilə sarınmış mumiya uşağın yanında altı kiçik heykəlcik də olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr