Astronavtlar açıq kosmosda gəzinti etdi
Suni Vilyams və Buç Uilmor ISS-ə köçdükdən təxminən 8 ay sonra birlikdə ilk kosmik gəzintilərini həyata keçirə bildilər

Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Beynəlxalq Kosmik Stansiyadakı (ISS) iki astronavtı ilk dəfə açıq kosmosda gəzinti etdi.
Kosmosda çarəsiz qalan NASA astronavtları Suni Vilyams və Buç Uilmor ISS-ə köçdükdən təxminən 8 ay sonra birlikdə ilk kosmik gəzintilərini həyata keçirə bildilər. Vilyams və Uilmorun açıq kosmosda olduğu anlar NASA TV-nin internet saytı və “YouTube” kanalı vasitəsilə canlı yayımlandı.
NASA astronavtların bu gəzintisini "stansiya avadanlığını qorumaq və “Destiny” laboratoriyası ilə “Quest” hava kilidindən analiz üçün səth materialı nümunələri toplamaq məqsədilə" həyata keçirdiklərini bildirdi.
Vilyams və Uilmor 5 iyun 2024 tarixində “Boeing”in yeni “Starliner” kapsulu ilə bir həftəlik sınaq uçuşu üçün ISS-ə göndərilmişdi. Lakin “Starliner”də yaranan texniki nasazlıq səbəbindən iki astronavtın geri dönüş tarixi təxirə salınmış, NASA kapsulun boş qayıtması barədə göstəriş vermişdi.
Missiyanı əvəzləyən “SpaceX”in ehtiyat kapsulunun buraxılış tarixi də gecikdiyindən iki astronavtın Yerə qayıdışının mart ayının sonu və ya aprel ayının əvvəlindən tez mümkün olmayacağı və Beynəlxalq Kosmik Stansiyada qalacaqları müddətin təxminən 10 aya çatacağı ehtimal edilir.