Bayden sonuncu dəfə xalqa müraciət edib

Çıxışının əvvəlində İsrail ilə “Həmas” arasında əldə edilən atəşkəsə toxunub

2231335
Bayden sonuncu dəfə xalqa müraciət edib

 

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden İsrail ilə “Həmas” arasında Qəzzada əldə olunan atəşkəsin öz komandasının uğuru olduğunu bildirib.

Co Bayden dörd illik prezidentlik müddətinin bitməsinə sayılı günlər qalmış Ağ Evdə amerikalılara canlı yayımda son dəfə müraciət edib. Çıxışının əvvəlində İsrail ilə “Həmas” arasında əldə edilən atəşkəsə toxunan O, may ayında təqdim etdiyi plan layihəsinə uyğun olaraq atəşkəsin reallaşdığını və bunun öz komandasının uğuru olduğunu vurğulayıb. Bu məsələ ilə bağlı bazar ertəsi vəzifəyə başlayacaq yeni administrasiyanı məlumatlandırdıqlarını bildirən Bayden konkret ad çəkmədən atəşkəsin uğurunun onun varisi Donald Trampa deyil özünə və komandasına aid olduğunu qeyd edib. Prezident "Bu plan mənim komandam tərəfindən hazırlanıb və müzakirə edilib. Əsasən də vəzifəyə başlayacaq olan yeni administrasiya tərəfindən həyata keçiriləcək. Bu səbəbdən, komandama yeni administrasiyanı detallı şəkildə məlumatlandırmalarını tapşırdım" deyə bildirib. 

Daxili siyasətdə Amerika demokratiyasının bütün çətinliklərə baxmayaraq ayaqda olduğunu, dörd ildə 17 milyon yeni iş yeri yaratdıqlarını və xüsusilə yüksək texnologiyalar sahəsində əhəmiyyətli addımlar atdıqlarını bildirən C.Bayden xarici siyasətdə isə Çinlə qlobal rəqabətə və Rusiyaya qarşı Ukraynaya göstərdikləri dəstəyə diqqət çəkib. 

Əvvəlki ABŞ prezidentlərindən Duayt Eyzenhauerin hərbi-sənaye kompleksi ilə bağlı etdiyi xəbərdarlığa istinad edən Bayden "Eyni şəkildə ölkəmiz üçün real təhlükələr yarada biləcək bir texnologiya-sənaye kompleksinin mümkün yüksəlişi ilə bağlı narahatam. Bu gün Amerikada həddindən artıq zənginlik, güc və təsirə malik bir oliqarxiya formalaşır" deyə qeyd edib. Bayden, bu texnologiya-sənaye kompleksinin yüksəlişinin əsas hüquqlar və demokratiya baxımından Amerikan xalqı üçün təhdid yarada biləcəyini vurğulayıb.

Süni intellekt sahəsindəki inkişafların müasir texnologiyanın istiqamətini müəyyən etdiyini ifadə edən Co Bayden "Süni intellektin bütün insanlıq üçün təhlükəsiz və etibarlı olmasını təmin etməliyik. Bu sahədə Çin deyil, ABŞ lider olmalıdır" deyə fikirlərini tamamlayıb.



Әlaqәli Xәbәrlәr