Antonio Quterreş COP29-un açılış mərasimində çıxış edib
BMT-nin Baş katibi Antonio Quterreş COP29-un açılış mərasimində çıxış edib.
COP29 iqlim maliyyəsi yolundakı divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidirlər. Razılaşma zəruridir.
Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş COP29-un açılış mərasimindəki çıxışı zamanı söyləyib.
"Dünya qlobal temperatur artımını 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırmaq üçün geri sayım mərhələsindədir və heç bir ölkə bunun nəticələrindən qaça bilməz. Buna görə də COP29-da bu mübarizəni dəstəkləyən ədalətli, səmərəli karbon bazarları, yerli icmaların hüquqlarına hörmət edən və "yaşıl yuyulma" və ya torpaq zəbtinə yer qoymayan bazarlar üçün qaydalar razılaşdırılmalıdır. - deyə Baş katib əlavə edib.
Baş katib üç prioritetə diqqət yetirməyə çağırıb. Birincisi, qlobal temperatur artımını məhdudlaşdırmaq üçün emissiyalar təcili surətdə azaldılmalıdır ki, bunun üçün də emissiyaların hər il 9 faiz azaldılması vacibdir. 2030-cu ilə qədər emissiyalar 2019-cu ildəki səviyyə ilə müqayisədə 43 faiz azalmalıdır. Bu o deməkdir ki, onlar bütün emissiyaları və iqtisadiyyatı əhatə etməli, bərpa olunan enerji mənbələrinin gücünün üçqat, enerji səmərəliliyinin ikiqat artırılması və meşələrin qırılmasının dayandırılması üzrə qlobal hədəfləri təşviq etməlidir.
BMT-nin Baş katibi onu da deyib ki, insanları iqlim böhranının dağıdıcı nəticələrindən qorumaq üçün daha çox iş görmək lazımdır: "Ən həssas olanlar iqlim ekstremal hadisələri qarşısında tərk edilmiş vəziyyətdə qalırlar. 2030-cu ilə qədər uyğunlaşma ehtiyacları və maliyyələşdirmə arasındakı fərq ildə 359 milyard dollara çata bilər. Bu çatışmayan dollarlar balansda mücərrəd rəqəmlər deyil - bu, ümidsiz həyatlar, itirilmiş məhsullar və buraxılan inkişafdır".