Yaponiya orbitə yeni hərbi peyk buraxıb
Hava şəraitindən minimal dərəcədə təsirlənən peyk yüksək sürət və hündürlükdə rabitə imkanı təqdim edir
Yaponiya Kosmik Tədqiqat Agentliyi (JAXA) müdafiə rabitə peyki daşıyan “H3” raketini kosmosa göndərdi. JAXA "Kirameki-3" müdafiə rabitə peykini daşıyan dördüncü “H3” raketini Taneqaşima Kosmik Mərkəzindən buraxdı. Raket "Kirameki-3" peykini təxminən 36 min kilometr yüksəklikdəki orbitə yerləşdirəcək. Hava şəraitindən minimal dərəcədə təsirlənən "Kirameki-3" yüksək sürət və hündürlükdə rabitə imkanı təqdim edir.
Peyk münaqişə və ya fəlakət hallarında hərbi vasitələrə və birliklərə görüntülərin maneəsiz çatdırılması da daxil olmaqla sürətli məlumat mübadiləsi təmin edə bilir. "Kirameki-3" peyki Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) Hind-Sakit okean bölgəsindəki fəaliyyətlərinə dəstək olacaq. Yapon dilində "parıltı" mənasını verən "kirameki"nin 1 və 2 nömrəli peykləri hazırda orbitdə xidmətini davam etdirir.