Bayden və Kamala milli təhlükəsizlik komandaları ilə Yaxın Şərqi müzakirə etdilər

Ağ Evdən verilən açıqlamada bildirilir ...

2175824
Bayden və Kamala milli təhlükəsizlik komandaları ilə Yaxın Şərqi müzakirə etdilər

 

  ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris milli təhlükəsizlik komandaları ilə Yaxın Şərqdəki son hadisələri qiymətləndiriblər.

  Ağ Evdən verilən açıqlamada bildirilir: “Bayden və Harris xüsusi günlərdə toplaşan "Situation Room"da milli təhlükəsizlik komandası ilə görüşüblər.

  Yaxın Şərqdə son vaxtlar artan gərginliyin müzakirə edildiyi toplantıda Həmas Siyasi Bürosunun sədri İsmayıl Həniyənin öldürülməsindən sonra İsrail ilə İran arasında artan gərginlik və İranın İsrailə qarşı mümkün cavab tədbirləri danışılıb.

  Milli təhlükəsizlik qrupu C.Bayden və K.Harrisə “İsrailə qarşı İrandan gələn təhdidlər” barədə məlumat verib.

  Görüş zamanı ABŞ-ın İsrailin müdafiəsini dəstəkləmək üçün hərbi səylər hərtərəfli müzakirə edilib.

  Toplantıda regional gərginliyin azaldılması və Qəzzada mümkün atəşkəs prosesinin yekunlaşdırılması istiqamətində davam edən diplomatik gedişat da qiymətləndirilib.

  Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki son vəziyyəti qiymətləndirmək üçün avqustun 5-də milli təhlükəsizlik komandasını toplamışdı. Kamala Harrisin də iştirak etdiyi toplantının diqqət çəkən mövzuları bölgədə artan gərginlik və İraqdakı Əsəd hərbi bazasına hücum idi.

  Qeyd edək ki, İsrailin Livanın paytaxtı Beyrutda “Hizbullah”ın yüksək rütbəli komandiri Fuad Şükürə hava zərbəsi endirməsi və Həmas Siyasi Bürosunun sədri İsmayıl Həniyənin İranın paytaxtı Tehranda öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik daha da artıb. Həniyənin qətlinə görə İsrailin məsuliyyət daşıdığını bildirən İran və Livan “Hizbullah”ı Təl-Əvivə qarşı qisas alacaqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr