Rusiyanı Almaniyaya bağlayan xətlərə partlayıcı qoyan ukraynalı dalğıc ölkəni tərk edib
Almaniyanın “Süddeutsche Zeitung” və “Die Zeit” qəzetləri və ARD televiziyasının xəbərlərinə görə ...
Almaniya "Şimal axını" təbii qaz kəmərlərində partlayışlara səbəb olduğu ehtimal edilən şəxslərdən biri olan ukraynalı dalğıc təlimatçısının həbsinə order verib.
Almaniyanın “Süddeutsche Zeitung” və “Die Zeit” qəzetləri və ARD televiziyasının xəbərlərinə görə, istintaqı aparan Almaniya səlahiyyətliləri son vaxtlar Polşada yaşayan şübhəlinin 2022-ci ilin sentyabrında Baltik dənizindən Rusiyanı Almaniyaya bağlayan təbii qaz boru xətlərinə partlayıcı maddə yerləşdirən dalğıclardan biri oldu qənaətinə gəliblər. Almaniya 2024-cü ilin iyun ayında Polşadan bu adamın həbs olunmasını tələb edib.
Almaniya və Polşa baş prokurorluqları məsələ ilə bağlı şərh verməsələr də, “Spiegel” avqustun 14-də təhlükəsizlik qüvvələrinə istinadən sözügedən şübhəlinin Polşanı tərk etdiyini yazıb.
SZ, Zeit və ARD Almaniyada təxribat törədən daha iki nəfərin - bir kişi və bir qadının şəxsiyyətinin müəyyən edildiyini, onların ukraynalı dalğıc olduqlarını, lakin hələ onlar barəsində həbs qərarı verilmədiyini bildirib.