Girov mübadiləsində tarix dəyişib

İsrail Baş Nazirliyi ofisi girovların dəyişdirilməsinin cümə günündən əvvəl baş tutmayacağını açıqlayıb.

2067696
Girov mübadiləsində tarix dəyişib

İsrail Baş Nazirliyi ofisi girovların dəyişdirilməsinin cümə günündən əvvəl baş tutmayacağını açıqlayıb. 
İsrailin Qəzzaya hücumlarından bir ay yarım keçərkən girovların vəziyyəti ilə bağlı razılıq əldə olunub. İsrail "Həmas" ilə girov mübadiləsini təsdiqlədiyini açıqlayıb.

Nazirlər Kabinetinin iclasından sonra İsrailin Baş naziri Netanyahu atılan addımı “çətin, lakin düzgün qərar” adlandırıb. O, girovların mərhələli şəkildə azad ediləcəyini bildirib.

"Həmas" da 150 fələstinli məhbusun əvəzində 50 girovun azad ediləcəyini açıqlayıb.

Razılaşma çərçivəsində humanitar, tibbi yardım və yanacağın Qəzzanın hər bölgəsinə daxil olmasına icazə veriləcəyi vurğulanıb.

"Həmas" həmçinin qeyd edib ki, İsrail atəşkəs dövründə hücumlar həyata keçirməyəcəyinə və heç kimi həbs etməyəcəyinə söz verib.

"Kanal 12" telekanalı da girovların İsrailə gətirilməsi prosesinin 5 mərhələdən ibarət olduğunu bildirib.

Birinci mərhələdə "Həmas" girovları Qırmızı Xaç rəsmilərinə təhvil verəcək, İsrail ordusu isə girovları onların əlindən alacaq.

Girovlar tibbi müayinədən keçdikdən sonra ailələri ilə görüşmək üçün 5 təcrid olunmuş tibb məntəqəsindən birinə aparılacaqlar.

Girov mübadiləsinin nə vaxt baş verəcəyi ilə bağlı İsrailin ilk elan etdiyi tarix dəyişdirilib.

İsrail Baş Nazirliyinin ofisindən verilən açıqlamada girov mübadiləsinin cümə günündən əvvəl baş tutmayacağı bildirilib. Bildirilib ki, mübadilə əldə olunan razılaşmaya uyğun aparılacaq.

Qarşıdurmalarda 4 günlük fasilənin tarixinin dəyişib-dəyişmədiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, İsrail rəsmiləri ilk olaraq məhbus mübadiləsinin Türkiye vaxtı ilə səhər saat 11-də başlayacağını açıqlayıb.

"Həmas" rəhbərliyi də münaqişədə humanitar fasilə üçün əldə edilən razılaşmanın eyni vaxtda qüvvəyə minəcəyini açıqlamışdı.

İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzachi Haneqbi cümə axşamı qüvvəyə minməsi gözlənilən məhbus mübadiləsi prosesi ilə bağlı açıqlama verib.

Əsirlərin azad edilməsi üçün aparılan danışıqların "sabit irəliləyiş əldə etdiyini" bildirən Hanegbi "Sərbəst buraxılma tərəflər arasında ilkin razılaşmaya əsasən başlayacaq və bu cümə günündən əvvəl olmayacaq" deyib.

İsrail mətbuatı bu açıqlamanı "gecikmə" kimi qiymətləndirib.

İsrailin dövlət televiziyası KAN-ın xəbərində "Mətbuata açıqlama verilməmişdən əvvəl israilli əsirlərin ailələrinə razılaşmanın icrasının gecikdirilməsi ilə bağlı məlumat verilmədiyi" bildirilib.



Әlaqәli Xәbәrlәr