Rusiya Kaxovka Su Elektrik Stansiyasını bombaladı
Ukraynanın Xerson vilayətində yerləşən, lakin rusların nəzarətində olan Kaxovka Su Elektrik Stansiyası (SES) bombalanaraq dağıdılıb.

Ukraynanın Xerson vilayətində yerləşən, lakin rusların nəzarətində olan Kaxovka Su Elektrik Stansiyası (SES) bombalanaraq dağıdılıb.
Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov Rusiya ordusunun Xerson vilayətində Kaxovka su bəndini vurduğunu bildirib.
Rəsmi internet səhifəsində paylaşım edən Vladislav Nazarov deyib:
“Rusiya işğalçı qoşunları Kaxovka SES-i bombalayıb.Dağıntının miqyası, suyun sürəti və həcmi, mümkün daşqın zonaları dəqiqləşdirilir. Vəziyyəti izləyirik''.
Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin də rəsmi internet səhifəsində daşqın təhlükəsi altında olan Dnepr çayının sağ sahilində yaşayan insanların təxliyə olunacağını açıqlayıb.
Aleksandr Prokudin deyib: “Hazırda çayın sol sahili zəbt olunduğu üçün oradakı insanları təxliyə etmək mümkün deyil”.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak rəsmi internet səhifəsində etdiyi paylaşımda Kaxovka SES-dəki vəziyyətlə bağlı açıqlama verib.
Prezident Volodimir Zelenskinin bu hadisə ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasını toplayacağını bildirən Yermak deyib:
“Bu, ekoloji qırğındır. Ruslar Xerson vilayətinin cənubunun və Krımın içməli sudan məhrum olmasına, bəzi yaşayış məntəqələrinin və biosferin dağıdılmasına görə məsuliyyət daşıyacaqlar”.
Mövzu ilə bağlı rəsmi internet səhifəsində paylaşım edən Volodimir Zelenski deyib: ''Ruslar Ukrayna ərazisindən qovulmalıdır. Onlar Ukrayna ərazisinin hər kvadrat metrindən terror aktları törətmək istifadə edir.
Yalnız Ukraynanın qələbəsi təhlükəsizliyi bərpa edəcək və biz mübarizəni qazanacağıq. Terrorçular Ukraynanı su, raket və ya başqa bir şeylə dayandıra bilməyəcəklər”.
Rusiyanın ilhaq etdiyi Novaya Kaxovka şəhərinin meri Vladimir Leontyev Ria Novosti xəbər agentliyinə verdiyi müsahibədə Kaxovka SES-in dağılmasından sonra suyun səviyyəsinin 2,5 metr qalxdığını bildirib.
Leontyev qeyd edib ki, Kaxovka SES-in dağılmasından sonra potensial daşqın təhlükəsi ilə əlaqədar bəzi yaşayış məntəqələrindəki sakinlər təxliyə oluna bilər.