G7 ölkələrinin maliyyə nazirləri Ukraynaya dəstəklərini açıqlayıblar

G7 ölkələrinin maliyyə nazirləri Ukraynanın ehtiyaclarına uyğun olaraq büdcə və iqtisadi dəstək öhdəliyinin 2023-cü il üçün 39 milyard dollara qədər artırıldığını bildiriblər.

1950775
G7 ölkələrinin maliyyə nazirləri Ukraynaya dəstəklərini açıqlayıblar

G7 ölkələrinin maliyyə nazirləri Ukraynanın ehtiyaclarına uyğun olaraq büdcə və iqtisadi dəstək öhdəliyinin 2023-cü il üçün 39 milyard dollara qədər artırıldığını bildiriblər.

ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Hindistanın Banqalur şəhərində keçirilən görüşdən sonra birgə bəyanatla çıxış ediblər.

Bəyanatın əvvəlində Türkiye və Suriyada baş verən dağıdıcı zəlzələlər nəticəsində insan tələfatı və dağıntılardan dərin kədər duyulduğu, zəlzələdən zərər çəkmiş insanlara dəstəyin davam etdiyi vurğulanıb.

Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində bəyanatda müharibənin və Rusiyanın ərzaq və enerjini bir silaha çevirməsi nəticəsində yaranan qlobal iqtisadi problemlərin həlli üçün beynəlxalq əməkdaşlığı gücləndirmək əzmi vurğulanb.

Bəyanatda "Ukrayna hökumətinin ehtiyaclarına uyğun olaraq, 2023-cü il üçün büdcə və iqtisadi dəstək öhdəliyimizi 39 milyard dollara yüksəltdik" ifadəsindən istifadə edilib.

G7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri həmçinin BVF-ni martın sonuna qədər Ukraynaya “etibarlı, iddialı, tam maliyyələşdirilən və lazımi şəkildə şərtləndirilmiş” proqram təqdim etməyə çağırıblar.

Bəyanatda həmçinin Rusiyanın müharibəsinə cavab olaraq həyata keçirilən koordinasiyalı iqtisadi tədbirlərə sadiqlik bir daha vurğulanıb və birgə səylərin Ukraynanın kritik infrastrukturunun təmirinə dəstək və töhfə verməyə davam edəcəyi bildirilib.

"Biz sanksiyalarımızı tətbiq etmək, sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq üçün birgə və tərəfdaşlarımızla yaxından işləməyə davam edəcəyik. Bu kontekstdə biz digər ölkələri Rusiyaya qarşı sanksiyalarımıza qoşulmağa çağırırıq", - bəyanatda deyilib.



Әlaqәli Xәbәrlәr