Qərbi Aralıq dənizi 5+5 Müdafiə Təşəbbüsü Toplantısı
Mərakeş MAP rəsmi xəbər agentliyinin yazdığına görə...

Qərbi Aralıq dənizində əməkdaşlığı inkişaf etdirməyi hədəfləyən 5+5 Müdafiə Təşəbbüsü proqeamı çərçivəsində ölkələrin müdafiə nazirləri Mərakeşdə bir araya gəlib.
Mərakeş MAP rəsmi xəbər agentliyinin yazdığına görə, Mərakeşin müdafiə naziri Əbdüllətif Ludiyyi paytaxt Rabatda keçirilən XVIII Qərbi Aralıq dənizi 5+5 Müdafiə Təşəbbüsü Toplantısındakı çıxışında bölgənin üzləşdiyi təhlükə və təhdidlərlə bağlı üzv dövlətlərin nümayəndə heyətləri və prezidentləri arasında müzakirələr aparıldığından bəhs edərək deyib: “Üzv ölkələrin nazirləri Qərbi Aralıq dənizində başda terror, qeyri-qanuni ticarət, qanunsuz miqrasiya, iqlim dəyişikliyi ilə bağlı çətinliklərlə mübarizədə ortaq iradəyə malikdir. Dəniz nəzarəti, hava təhlükəsizliyi, fəlakətin idarə olunması və ətraf mühitin mühafizəsi kimi əməliyyatlarda silahlı qüvvələrin əməkdaşlığının gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi səyləri yüksək səviyyədədir”.
Tədbirdə iştirak edənlər kibertəhlükəsizlik, pilotsuz uçuş aparatları, terrorla mübarizə, axtarış-xilasetmə, süni intellekt, dənizlərin çirklənməsi ilə mübarizə və iqlim dəyişikliyindən yaranan təhlükəsizlik məsələləri kimi sahələri əhatə etməklə əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
2023-cü ildə Qərbi Aralıq dənizi 5+5 Müdafiə Təşəbbüsü Toplantısı Portuqaliyanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, 1983-cü ildə Fransa tərəfindən irəli sürülən, lakin 1990-cı ildə formalaşan 5+5 Müdafiə Təşəbbüsünə Qərbi Aralıq dənizi hövzəsi ilə qonşu olan Avropa və Şimali Afrikadan beş ölkə daxildir: Liviya, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Malta, Tunis, Əlcəzair, Mərakeş və Mavritaniya.